Pentaqonla Ağ Ev üz-üzə: F-16 davasının səbəbi nədir?

Pentaqonla Ağ Ev üz-üzə: F-16 davasının səbəbi nədir?

Son günlər F-16 qırıcılarının Ukraynaya verilməsi məsələsi dünyada gündəmdədir və əgər əvvəl bu müzakirələr siyasi kuluarlarda aparılırdısa, indi artıq bütün müzakirələr açıq siyasi müstəviyə keçib. Müttəfiq ölkələrin mövqeləri açıqlandıqca, F-16-ların Ukraynaya verilməsinin əleyhinə olan ölkənin məhz ABŞ olduğu ortaya çıxır və bu səbəbsiz deyil.

“Politiko” çox ilginc incəliklərə toxunaraq xəbər verir ki, Pentaqon F-16-ların Ukraynaya verilməsinin lehinədir, Ağ Ev isə əleyhinə. Amma Pentaqonun Ağ Evə təzyiqləri böyük ehtimalla yaxın zamanda öz müsbət nəticəsini verəcək.

Əslində F-16-lar məsələsində Ağ Ev (Bayden) və Pentaqon (Mark Milli) arasında fikir ayrılığı uzun aylar davam edir və. 2 ay qabaq, yəni mart ayında ABŞ-da baş verənlərə diqqət yetirək.

Senatorların məktubu, “Cənab Bayden, Ukraynanın qələbəsini istəyirsinizsə, F-16-ları verin” mesajı:

14 mart tarixində həm republikaçıların, həm demokratların Senatda nümayəndələri guya “Pentaqona təzyiq məqsədilə” (əslində təzyiq hədəfi Pentaqon deyil, Ağ Evdir, bu prinsipial fərqdir) Pentaqonun rəhbəri Lloyd Ostinə Ukraynaya F-16-ların verilməsi üçün hərbi-texniki şərtlərin açıqlanmasını və ABŞ-ın Ukraynaya F-16-ların göndərilmə ehtimalını yenidən qiymətləndirməyə çağırdılar.

Məktubu imzalayan kimlərdir, hansı senatorlardır? Bu senatorlar hansı qüvvələrə bağlıdırlar?

Məktubun müəllifi Arizona ştatından senator Mark Kelli (demokrat, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), imzalayanlar senator Temmi Dakvort (demokrat, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), senator Tim Keyn (demokrat, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), senator Ceki Rozen (demokrat, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), senator Martin Haynrix (demokrat, hərbi sənaye alt komitə), Tommi Tubervil (respublikaçı, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), Ted Bad (respublikaçı, Senatın Silahlı Qüvvələr üzrə komitəsinin üzvü), Liza Murkovsidir (respublikaçı, hərbi sənaye alt komitə).

Məktubun müəllifi senator Mark Kelli ukraynalı pilotların təlimlərini kurasiya edən şəxslərdən biridir. Təlimlər Kellinin təmsil etdiyi Arizona ştatında keçirilir.

Senator ilk növbədə lobbiçi, müəyyən qüvvələrin maraqlarının təmsilçisidir. Senatın Silahlı Qüvvələr üzrə komitəsi hər zaman Pentaqonun maraqlarını təmsil edir və bu komitəni Pentaqonun siyasi qanadı adlandırırlar. Hələ mart ayında ABŞ mətbuatı senatorların Pentaqona təzyiq etdiklərini yazanda, bu, gülməli qarşılanırdı, təzyiqin gerçək ünvanını gizlətmək cəhdi idi, adları çəkilən senatorlar Senatda Pentaqonun maraqlarını təmsil edirlər və elə çıxır ki, onlar özləri özlərinə təzyiq edirlər?

16 martda (senatorların məktubu açıqlanandan 2 gün sonra) ABŞ Hərbi Hava Qüvvələrinin ən titullu və ən peşəkar pilotu Den Hempton Ukraynada hərbi əməliyyatlarda F-16 qırıcısını idarə etməyə hazır olduğunu bəyan etdi. Bu bəyanat Ukraynada çox müsbət qarşılandı, amma bəyanat birmənalı olaraq siyasi idi və siyasi nəticələrə hesablanmışdı. Den Hemptonun bəyanatı Ağ Evə qarşı demarş idi və Pentaqonun Ağ Evə təzyiq əməliyyatı çərçivəsində növbəti addım idi.

Den Hempton ABŞ HHQ-nin ən peşəkar pilotlarından biri hesab olunur, zəngin hərbi təcrübəsi var, orduda nüfuza malikdir. Hempton bəyan etdi ki, F-16-ların idarə etmək üçün ukraynalı pilotların hazırlanması uzun prosesdir və əgər siyasi iradə olsa, ABŞ pilotları “beynəlxalq legiona” qoşulub Ukraynada F-16-ları idarə etməyə hazırdılar. Hempton əlavə etdi ki, özü də Ukraynada döyüşməyə hazırdır.

Ağ Ev Ukraynaya F-16-ların verilməməsinin əsas səbəbi kimi ukraynalı pilotların hazır olmamasını göstərirdi. Den Hempton isə Ağ Evin əsas arqumentini darmadağın etdi və “verə bilərik, sadəcə istəmirik” ictimai rəyi formalaşdırmağa başladı.

Gördüyünüz kimi, Ağ Ev və Pentaqon arasında fikir ayrılığı mövcuddur və fərqli vasitələrlə bir tərəf (Pentaqon) hücum edir o biri tərəf (Ağ Ev) müdafiə olunur.

Bəs bunu kökündə nə dayanır, niyə Bayden bu günə kimi F-16-ların Ukraynaya verilməsinin əleyhinədir və onun mövqeyi hansı halda dəyişə bilər?

12 mart tarixində “Politiko” qalmaqallı məqalə dərc etmişdi. Məqalədə deyilirdi ki, Vaşinqton və Kiyev arasında fikir ayrılıqları genişlənir və buna səbəb olan əsas məsələdən biri də Krımdır.

Bayden Krımın Ukraynaya diplomatik yolla qaytarılmasının tərəfdarıdır, hərbi müdaxilənin əleyhinədir. Bayden yaxın gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi fonunda, yeni hökumətlə diplomatik masada sanksiyaların bir qisminin ləğv olunması şərtilə Krımın Ukraynaya qaytarılmasını təşkil etməyi planlaşdırırdı – müharibənin bitməsindən 2 il sonra. Bu 2 il ərzində Ukrayna sürətlə bərpa olunacaq və güclənəcək, Rusiyada isə əksinə, sanksiyalar iqtisadiyyatı darmadağın edəcək və Kreml diplomatik masaya əyləşməyə məcbur olacaqdı.

Məsələ ondadır ki, Pentaqon Krımın Ukraynaya hərbi yolla qaytarılmasının tərəfdarıdır.

Bəs F-16-ların buna nə adiyyəti?

Ukrayna Silahlı Qüvvələrinin F-16-lara kəskin ehtiyacı ancaq Krıma hərbi müdaxilə zamanı yaranacaq. Başqa ərazilərdə əməliyyatlar üçün lazım olan bütün silahlar verilir. Aviasiyaya gəlincə isə Qərb koalisiyası Ukraynaya ən son müasirləşmədən keçən MiQ-29-ları artıq verib və həmin MiQ-lər ABŞ istehsallı raketləri (AMRAAM-120, HARM AGM-88 və s) daşıya bilir. Krım istisna olmaqla bu qırıcılar Ukraynanın başlayacağı əks-hücum üçün bütün istiqamətlərə bəs edəcək, amma Krımın hərbi yolla qaytarılması üçün F-16-lara hava və su kimi ehtiyac olacaq.

Məsələnin kökündə Krım dayanır və Bayden Ukraynaya F-16-ları vermək qərarına gəlsə, deməli, Krıma böyük hücum olacaq.

Teqlər: