Pensiya, müavinət və təqaüdlərdə hansı yeni artımlar var?

Xəbər - Humay Ağacanova – Trend:

Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin
əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və
təqaüdlərin artırılması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ölkə
əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin
əvvəlindən iki istiqamətdə artım baş verib:

Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata
çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan
verib;

Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun
indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi
yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz
artım edilib. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət
büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.

2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi
təqaüdlərdə də artımlar olub.

Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq
imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta
hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz
artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində
orta hesabla 20 faiz artım baş verib.


Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin)
rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 mln. manat
ayrılıb.

Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə
edir.

Ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı
cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım
250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların
da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 mln.
manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları
əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də
nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ
müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin
ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi
qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq
təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial
ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon
şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1
mlrd. manat təşkil edir.

Teqlər: