Xəbər - Samir Əli – Trend:
Ölkəmizdə davam edən sosial islahatlar çərçivəsində 2022-ci ilin
əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata
çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən
məlumata görə, həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına
uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200
manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb.
1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən
illik əlavə 352 mln. manat ayrılıb.
Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu
ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi
yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon
manat əlavə vəsait ayrılacaq.
Beləliklə, cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları
üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.
Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı,
pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə
vəsait isə 2,1 mlrd. manatdır. Bu artımlar 3,4 milyon şəxsi əhatə
edir.