ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Mayk Pens bu gün Kiyevə gözlənilmədən səfər edib və Vladimir Zelenski ilə görüşüb. Onların müzakirəsinin təfərrüatı açıqlanmır.
AzerTimes xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.
Məlumata görə, Pens 2024-cü ildə Amerika prezidentliyinə seçki kampaniyasının başlandığını elan edəndən bəri Kiyevə səfər edən ilk namizəd olub.
“Mən ABŞ-ın azad dünyanın lideri olduğuna inanıram. Bununla belə, buraya sadəcə bir fərd kimi gəlməyim mənim üzərimə düşən işi yerinə yetirmək və ABŞ-dan ukraynalı dost və müttəfiqlərimizi dəstəkləməyə çağırmağa davam etmək əzmini gücləndirir”, – Pens bildirib.
Qeyd olunur ki, Pens gün ərzində Kiyevə bitişik bir neçə şəhərə, o cümlədən Buçaya baş çəkib.