Penitensiar Xidmət Nizaməddin Quliyevin ölümü barədə məlumat yaydı

Xəbər - Samir Əli – Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Ağstafa rayonunun həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən AzerTimes-a verilən məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat etmişdir.

Qeyd olunur ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilmiş, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilmiş və nəticəsi neqativ olsa belə profilaktik müalicə almışdır.

Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş və ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkar olunaraq “COVİD-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilmiş və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilmişdir.


Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat etmişdir.

Teqlər: