Evin yanında saxladığım yerdə hər gün gəlib minik avtomobilimin şəklini çəkib, cərimə yazıblar. İmkan olmadığına görə cəriməni ödəyə bilməmişəm. Cərimə olanda avtomobili texniki baxışdan da keçirmirlər. Belə olan halda isə ay ərzində əlavə cərimələr üstünə gəlir.
Bu sözləri AzerTimes-a partiya sədri Nemət Pənahlı DYP əməkdaşları tərəfindən “Toyoto” markalı şəxsi minik maşınının əlindən alınmasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, maşını cərimə meydançasındadır və oradan çıxartmağa maddi imkanı yoxdur:
“O cərimələrə görə mənim maşınım qanunla axtarışda olub. Sığorta etdirməyə imkanım olmayıb. 1 ildən artıqdır vəziyyət belədir. Heç vaxt şəxsi işimi ictimailəşdirməmişəm, amma bir həddi var. 6 uşağım var. Heç bir yerdən gəlirim yoxdur. Qohumdan, dostdan borc alaraq uşaqlarımı dolandırıram. Lakin respublikada hamı məni tanıyıb, hörmət edib. Buradan Gəncəyə o maşınla getmişəm, maşınım saxlanılmayıb. Şamaxıdan qayıdanda cavan uşaq Tiflis prospektində saxladı və bildirdi ki, maşınım cərimə meydançasına aparılmalıdır. Yol polisi mənə həmişə hörmətlə yanaşıb, təşəkkür edirəm, milli-mənəvi dəyəri olan uşaqlardır. Bu dəfə cavan uşaq idi, tanımadı, dedi, xüsusi göstəriş var, maşın cərimə meydançasına getməlidir”.
O, cərimələrin qanunsuz yazıldığını bildirib:
“Maşını evimin böyründə saxlamışam, Marsda saxlıyacam? Sistem elə qurulub ki, şəhərə çıxanda cərimələnməmək, rayona gedəndə radara düşməmək mümkün deyil. On üç, on dörd yaşlarından sükan arxasında olan adamam. Eyni maşınla Gürcüstan ərazisində maşın sürmüşəm, heç bir yerdə məni saxlamayıblar. Eləcə də Türkiyədə maşın sürmüşəm. Heç bir yerdə radara düşməmişəm və polis məni saxlamayıb”.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli Nemət Pənahlının oğlu – 2000-ci il təvəllüdlü Əhəd Pənahlının adına olan “Toyota Lənd Kruzer” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olduğu üçün saxlanılaraq, cərimə meydançasına aparıldığını bildirib.