Çoxmillətli İran dövlətində biz dilimizi qorumağa məcburuq. Kimliyimizi qoruya bilməsək, assimilyasiya olub, əriyib sıradan çıxacaq, hakim fars şovinizminə təslim olacağıq. Farsların hamısı haqqında bunu demək olmaz. Amma Pəhləvi rejimi şovinizm və irqçilik əsasında qurulmuşdu.
Bu sözləri AzerTimes-a ana dili fəalı Əkbər Azad Beynəlxalq Ana Dili Günü ilə bağlı danışarkən deyib.
Doğma dilin əhəmiyyətini vurğulayan milli fəal rejimin tariximizi, dilimizi məhv etmək üçün uzun müddət çalışdığını diqqətə çatdırıb:
“Dil və düşüncə bir-biri ilə sıx əlaqədədir. Dil olmasa, düşüncə yarana bilməz. Dil özü də təfəkkür və düşüncədən qidalanır. Beynəlxalq Ana Dili Günü BMT tərəfindən rəsmi olaraq qəbul olunduqdan sonra Güney Azərbaycanda yaşayan milli, mədəni fəallar çalışırdılar bu günü bayram etsinlər. Bu gündən istifadə edib, öz kimliklərini saxlasınlar. Odur ki, Fevralın 21-i bizim üçün şənlik bayramı hesab olunurdu. Əvvəllər açıq-aşkar bu günü rahat qeyd edə bilirdik. Mərasimlər, müxtəlif tədbirlər təşkil olunurdu. Lakin son illər basqılar artıb. Bu bayramı ana dili fəalları artıq öz evlərində keçirirlər. Bundan, təxminən, 10 il öncə İranın müxtəlif şəhərlərində bayram münasibətilə böyük mərasimlər qurulmuşdu. O zaman Tehranda və Əhərdə qurulan mərasimlərdə iştirak edənlər yaxalandı. Onların arasında mən də vardım. Başqa dostlarla birgə bizi tutdular, ağır cəzaya məruz qaldıq. İki il həbs və iki il də sürgün cəzası aldım. Başqa dostlarımı da cəzalandırdılar”.
Milli fəalın sözlərinə görə, Güney Azərbaycanda yaşayan insanlar özünü dil və kültür baxımından türk, vətəndaşlıq baxımından isə azərbaycanlı hesab edirlər:
“Pəhləvi zamanında türklərə qarşı ağır basqı olub. Azərbaycan türklərini və digər türkləri əzib, kimliklərini tapdalamaq istəyiblər. Çalışıblar bizə “azəri” desinlər və bizim türklüyümüzü dansınlar. Eyni siyasəti indiki rejim davam etdirir”, – o bildirib.