“Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma” mövzusunda Beynəlxalq Elmi Konfrans yekunlaşıb (FOTO)

Mayın 31-dən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də “Uptodate in Medicine MMC” şirkətinin dəstəyi ilə öz işinə başlayan “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma” mövzusunda Beynəlxalq Elmi Konfrans yekunlaşıb.

Komitədən AzerTimes-a bildirilib ki, “Zoom” platforması üzərindən 3 gün ərzində onlayn şəkildə həyata keçirilmiş konfransın rəsmi açılış hissəsində ilk növbədə dövlət qurumlarının rəsmi nümayəndələrinin çıxışları dinlənilib. Daha sonra konfrans panellərin daxilindəki təqdimatlarla davam edib.

Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndlərinin icrasına töhfə vermək məqsədilə təşkil edilmiş konfransda pediatrik xəstəliklərə multidisiplinar yanaşmanın yerli həkimlər arasında təbliği, eləcə də yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sesiyaları təşkil olunub.

300-dən çox mütəxəssisin iştirakı ilə davam etmiş Elmi Konfrans zamanı Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, ümumi pediatriya və qastroenteroloji panellərdə ümumilikdə 26 məruzə dinlənilib. Dinləyicilər tərəfindən verilən sualların ətraflı şəkildə izah olunduğu sual-cavab sesiyaları müzakirələr şəklində davam etdirilib.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 21 DTT balı qazanmış konfransın sonunda proqramın 80 faizini tamamlamış mütəxəssislərə sertifikatların təqdim olunacağı ilə bağlı məlumat verilib.

Tədbirin hədəf auditoriyasına uyğun olaraq bütün mütəxəssislər üçün əlçatan olması məqsədilə konfrans, eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Teqlər: