Pedaqoji Universitetdə “Zəfər Forumu: Tarix yazan müəllim” adlı forum keçirilib (FOTO)

Noyabrın 4-də “İrəli” İctimai Birliyi (İrəli İB) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) “Zəfər Forumu: Tarix yazan müəllim” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) eyniadlı forum keçirilib.

Tədbirdə Universitetin rəhbərliyi. millət vəkilləri, nazir müavinləri, qazilər, dövlət rəsmiləri, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra layihə çərçivəsində hazırlanmış Vətən müharibəsinə qatılan məktəb direktorlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu foruma Pedaqoji Universitetin ev sahibliyi etməsi simvolik məna daşıyır. Rektor bildirib ki, bir əsrlik müəllimlər ocağı olan ali təhsil müəssisəsinin tələbə və məzunları da zəfər tarixini yazanlar arasında yer alır. Ən son rəqəmlərə görə ADPU-nun tələbə və məzunlarından Birinci Qarabağ müharibəsində 46 nəfəri iştirak etmiş, onlardan 29 nəfəri şəhid olmuşdur. Vətən müharibəsində isə 183 nəfər tələbə və məzunumuz iştirak edib. Savaşın yeganə xanım şəhidi olan Arəstə Baxışova da daxil olmaqla onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalmışdır.

Təhsil nazirinin müavini Muxtar Məmmədov çıxışında qeyd edib ki, möhtəşəm qələbəyə görə təhsil ictimaiyyəti olaraq müzəffər Ali Baş Komandan İlham Əliyevə və şəhidlərimizə, əsgərlərimizə təşəkkür edirik. Zəfər yürüşündə təhsil işçiləri də yaxından iştirak edib. Belə ki, Vətən müharibəsində 760 təhsil işçisi iştirak edib ki, onlardan da 20 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Bu təhsil işçilərinin əksəriyyəti burada təhsil alıb və ya burada təhsil alan müəllimlərdən dərs alıblar. Təhsil ictimaiyyətinin bundan sonrakı əsas vəzifəsi isə zəfəri qoruyacaq və aşılayacaq gəncliyi sağlam ruhda tərbiyə etməkdir.


Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bir neçə gündən sonra ilk dəfə olaraq Zəfər gününü qeyd edəcəyik. Bir il bundan öncə beynəlxalq qurumların icra etmədiyi qətnamələri Ali Baş Komandan və Azərbaycan gəncləri yerinə yetirdi. Aprel döyüşləri və iyul döyüşləri ermənilərə bir siqnal idi, lakin onlar öz çirkin əməllərindən əl çəkmədilər. Nəticədə müzəffər ordumuz düşmənə layiqli cəzanı verdi. Bu gün isə gəncliyin üzərinə böyük missiya düşür. Zəfəri qazanan gənclik bu gün isə təhsil, elm və informasiya cəbhələrində daha da əzmlə çalışmalıdırlar.

Pedaqoji Universitet isə bu halqada digər ali məktəblərdən fərqli olaraq böyük şərəfli missiya daşıyır. Azərbaycan vətəndaşının sağlam və düzgün təməllər üzərində yetişməsini təmin edir.

İrəli İB-nin sədri, Vətən müharibəsi iştirakçısı Şahin Rəhmanlı vurğulayıb ki, təşkilatın icra etdiyi “Marş İrəli” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçısı olmuş bir çox gənclərimiz də Vətən müharibəsində iştirak edərək böyük qəhrəmanlıqlar göstərmişlər.
Daha sonra çıxış edən millət vəkili Müşfiq Cəfərov, Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov, AGMA-nın sədri Rüfət Əsədzadə bildirmişlər ki, 44 günlük müharibə ölkəmizin gücünü göstərdi. Əsgərlərimizin yüksək əhval-ruhiyyəsi Azərbaycan ailəsinin, o cümlədən orta və ali məktəb müəllimlərimizin əməyinin nəticəsidir.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları olan müəllimlərdən Elvin Səlimov və Elçin Ələkbərov müəllimlik fəaliyyətləri və öz döyüş yolları haqqında danışıblar.
Sonda qazi müəllimlərə təşəkkürnamələr təqdim edilib.

Teqlər: