Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci tədris binasında universitetin Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Hərb tariximizin ən parlaq səhifəsi” adlı dəyirmi masa təşkil edilib.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov AzerTimes-a bildirib ki, tədbirdə ADPU-nun rəhbərliyi, prorektorlar, dekanlar, kafedra və şöbə müdirləri, professor-müəllim heyəti və tələbələr, şəhid ailələrinin üzvləri, Vətən müharibəsində döyüşmüş tələbə və məzunlarımızın bir qismi iştirak edib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi formalı təntənəli musiqinin və I kurs tələbəsi Röya Qurbanovanın ifa etdiyi şeirin müşayəti ilə 4 tələbə tərəfindən zala gətirilib.
Tədbirin moderatoru, ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirovanın açılış nitqindən sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov Azərbaycanın zəngin tarixi dövlətçilik irsindən söz açaraq bildirib ki, belə yüksək sivilizasiyaya malik olan xalqımız öz torpaqlarının işğal altında qalması ilə barışa bilməzdi. Eyni zamanda, çoxəsrlik keçmişimizə nəzər saldıqda aydın olur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə bir il bundan öncə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin analoqu tariximizdə yoxdur. Bu qələbə dünya miqyasında Azərbaycanın, onun xalqı və ordusunun gücünü göstərdi. Bu gün artıq torpaqlarımız tam azaddır. Azərbaycanın 44 günlük Zəfər yürüşünün təminatçısı rəşadətli ordumuz, dəstəkçisi xalqımız, təşkilatçısı və rəhbəri isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Cənab Prezident ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı ən qabaqcıl ölkələr sırasına çıxarmaqla yanaşı, həm də postsovet məkanında öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa edən ilk və yeganə qalib ölkəyə çevirdi.
Rektor qeyd etdi ki, qələbəni şərtləndirən amillər sırasında möhkəm daxili ictimai-siyasi sabitlik , güclü hərbi potensial və əlverişli geosiyasi vəziyyətlə yanaşı, gənclərin vətənpərvərlik tərbiyəsi də müstəsna yer tutur. Təsadüfi deyil ki, cənab Prezident Novruz bayramı münasibətilə Şuşadan, Cıdır düzündən Azərbaycan xalqına müraciətində ötən il Vətən üçün şəhid olan, qazi olan şəxslərin mütləq əksəriyyətinin məhz onun hakimiyyəti dövrüində yetişmiş gənclər olduğunu xüsusi vurğulamışdı. Şübhəsiz ki, belə gənclərin yetişdirilməsində müəllimlərimizin, o cümlədən müəllimlər ocağı olan Pedaqoji Universitetin böyük rolu olub. Ən son məlumatlara görə , Vətən müharibəsində universitetimizin 180 tələbə və məzunu iştirak edib ki, onlardan da 12 nəfəri şəhadət zirvəsinə yüksəlib. Bu məzunlarımız haqqında universitet tərəfindən kompleks məlumatlar toplanılır və baza yaradılır.
Pedaqoji Universitetin şəhidlərinə həsr olunan videoslaydın nümayişindən sonra Vətən müharibəsi şəhidi Ələddin Səidovun atası Azər Səidov çıxış edərək Allahdan şəhidlərə rəhmət, qazilərə sağlamlıq, xalqımıza səadət arzulayıb.
ADPU-nun məzunu, Vətən müharibəsi qazisi Taleh Quliyev öz çıxışında qeyd edib ki, biz ölməyə yox, öldürməyə, Vətəni azad etməyə getmişdik. Şəhid ailələrinə demək istəyirəm ki, onların övladları ən şərəfli zirvəyə yüksəlib, torpaqlarımız şəhidlərimizin qanı hesabına işğaldan azad edilib. Azərbaycan xalqı bu gün başını dik tutaraq ulu öndər Heydər Əliyevin dediyi kimi deyə bilər: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”
Vətən müharibəsinin ilk günü şəhid olan pilot Abbas Qasımovun bacısı Pünhanə Vəliyeva bildirib ki, şəhid olan igidlərimizin sayəsində birinci vəzifə icra olundu, ərazi bütövlüyümüz, təhlükəsizliyimiz bərqərar oldu. Bu gün isə ikinci böyük vəzifə torpağın üstündə gəzən igidlərin, siz gənclərin çiyinlərinə düşür. Bu Vətənin müstəqilliyini əbədi qorumaq və gələcəyə aparmaq sizin vəzifənizdir.
Pedaqoji Universitetin tələbələri adından çıxış edən ADPU TGT sədri İsmayıl Nəsirov bildirib ki, biz də gənc müəllimlər və gənclər olaraq Vətən müharibəsi boyu ordumuzun səngərdəki, cənab Prezidentin diplomatik cəbhədəki savaşına qoşularaq qlobal informasiya savaşında ölkəmizin haqq işini layiqli şəkildə təbliğ etməyə, qərəzli informasiya hücumlarına cavab verməyə çalışdıq.
Daha sonra Tarix və coğrafiya fakültəsinin tələbəsi Hülya Ağazadə Zəfər Gününə həsr olunmuş şeir səsləndirib.
Tədbirin sonunda Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə tədris binasının həyətyanı sahəsində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.