Pedaqoji Universitetdə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə görüş keçirilib (FOTO)

Fevralın 2-də “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai fəaliyyətdə və təhsildə fərqlənən tələbələri ilə görüş keçirilib. Görüşdə Universitetin Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev və Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli iştirak ediblər.

Görüşdə 2021-ci il ərzində fakültələr, SABAH qrupları və Magistratura və doktorantura şöbəsi üzrə ən yüksək təhsil göstəricilərinə malik olan 12 nəfər tələbə, o cümlədən universitetin ictimai təşkilatları, – Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Təhsil Könüllüləri İctimai Birliyi, ADPU Könüllüləri Tələbə Birliyi və “MEH” ədəbi dərnəyində aktivliyi ilə seçilən 33 nəfər tələbəyə fəxri fərmanlar təqdim edilib.
Görüş qarşılıqlı diskussiya şəraitində davam edib. Tələbələrdən fakültə və universitet birinciləri Murad Rizvanlı və Əli Məmmədzadə çıxış edərək Pedaqoji Universitetdə yaradılan əlverişli təhsil və ictimai inkişaf mühitindən razılıqlarını ifadə ediblər.

Qeyd olunub ki, universitetdə tələbələrin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Universitet rəhbərliyi aktiv tələbələrin təhsil və karyeralarını universitetdə davam etdirmələrində, onların tədqiqatlara cəlb olunmasında maraqlıdır.

Teqlər: