2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi
rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin
əsaslı təmirinə başlanılıb. Küçənin ortalama eni 10 metr təşkil
edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
AzerTimes-a verilən məlumata görə, hazırda küçəboyu zəruri olan
yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının
yenilənməsi işləri aparılır. Bu istiqamətdə 1200 p/metr uzunluğunda
köhnə səki daşları 1700 p/metr yenisi ilə əvəzlənib.
Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində küçə boyunca
köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınması,
səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş
yağış-kanalizasiya sisteminin bərpası nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə
yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin
normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin,
piyada zolaqlarının çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol
nişanları quraşdırılaraq küçə müasir görkəmdə vətəndaşların
istifadəsinə veriləcək.
Hazırda təmir işləri rayonun İlqar İsmayılov (282m) və Nəcəf bəy
Vəzirov (122 metrlik hissəsində) küçələrində də davam etdirilir.
Bununla yanaşı, ümumi uzunluğu 1130 metr olan Mirəsədulla
Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə
tutulub.
Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu
ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m),
Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş
Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələrində də
təmir işləri aparılıb.
2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi
rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra
olunub.