Bakı şəhərinin Xətai rayonunda yerləşən “Bərpa” Tibb Mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 kv.m olan binanın yanar konstruksiyaları 14 kv.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.