Bakı şəhəri də daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti – 7-ci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Axşam saatlarına kimi mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Qeyd olunan dezinfeksiya işləri ilə yanaşı paytaxtın bütün rayonlarında Rayon İcra Hakimiyyətləri, Polis İdarələri və aidiyyatı idarə və təşkilatların məsul əməkdaşlarından ibarət yaradılan mobil qruplar tərəfindən mövcud sanitar-gigiyena qaydalarına əməl edilməsinin vəziyyətinin öyrənilməsi məqsədilə reydlər davam etdirilib, vətəndaşlarla maarifləndirmə işləri aparılıb.
Reydlər nəticəsində bəzi ticarət obyektlərində aşkar edilən sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi halları aradan qaldırılıb, pozuntulara yol verilmiş obyektlərin sahıblərinə qarşı inzibati cəza tədbirləri tətbiq edilib.