Xəbər - Samir Əli – Trend:
Paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsi əsaslı şəkildə təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, əsaslı şəkildə təmir olunmuş küçənin uzunluğu 900 metrdir. Əsaslı təmir işləri zamanı zəruri yerlərdə genişləndirmə aparılıb, piyada səkiləri 3650 kv.m sahədə bərpa olunub, küçəyə boyu 4 min p/m-dən çox səki daşı düzülüb. Bununla yanaşı küçənin yol ayrıcında yerləşən yaşıllıq ərazi abadlaşdırılıb, ərazidə 900 metr uzunluğunda piyada zolağı salınıb. Küçə boyu 12 min kv.m sahəyə 2 lay asfalt-beton örtüyü döşənib.
Ərazidən səth sularının kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 p/metr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenilənib.
Son mərhələdə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunub.
Agentlikdən bildirilib ki, 2019-2021-ci illərdə Nərimanov rayonunda 30 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.