1-3 iyun 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda Bakı Enerji Həftəsi keçiriləcək.
“Iteca Caspian”dan AzerTimes-a bildirilib ki, Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.
Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. 2020-ci il ölkəmiz üçün tarixi il olub, uzun illər işğal altında olan torpaqları güclü lider İlham Əliyevin rəhbərliyi ilə artıq dünyada öz peşəkarlığı və şücaəti ilə məhşurlaşan ordumuzun azad etməsi qürurverici haldır. Gələcəkdə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunacaq, bununla da bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcəkdir.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 25 ildən artıqdır ki, regionun iri neft və qaz layihələrini müzakirə etmək üçün sənaye liderlərini bir araya gətirən nüfuzlu beynəlxalq platforma hesab olunur. Paralel olaraq Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi beynəlxalq və yerli şirkətlərin enerji və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə ən son təkliflərini təqdim edəcək.
2 – 3 iyun tarixlərində keçiriləcək Bakı Enerji Forumunun proqramına aşağıdakı mövzular daxildir: “İnkişaf yollarının kəsişməsində enerjinin gələcəyi”, “Yaşıl enerjinin yenilənməsi”, “Covid-19 pandemiyasının enerji sektoruna təsiri və bərpa proqnozları”, “Yeni enerji erasında neft və qaz üçün yeni meyarlar. Neft və qaz şirkətindən enerji şirkətinə”, “Neft və qaz texnologiyaları”, “Neft və qazın işlənməsində Süni intellekt (AI)” və s. Biz tədbirin proqramı, eləcə də tədbirdə iştirak məsələləri ilə bağlı əlavə məlumat verməyə hazırıq.
Pandemiyanın yaratdığı iki illik fasilədən sonra sərgilərin və forumun əhəmiyyəti həm offlayn görüşlər, həm də regionun sənaye liderləri ilə canlı dialoq baxımından daha da artır.
Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.