Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

IDEA İctimai Birliyindən AzerTimes-a verilən məlumata görə, yenilənmiş həyət Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 106, 108, 110 və Koroğlu Rəhimov küçəsi 22 ünvanında 1500 nəfər sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətin ərazisində 2 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.


Sakinlərin istək və maraqları nəzərə alınaraq, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 30 ədəd ağac əkilib və 3000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Teqlər: