Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 229 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Yuri Kovalyovun büstünün açılış mərasimi keçirilib.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Açılış mərasimi Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini-Mərkəzi aparatın rəhbəri Tahir Budaqov, millət vəkilləri Mixail Zabelin, Könül Nurullayeva, Sədaqət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, sədr müavini Ramin Əhmədov, Nizami rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Orxan Bədəlov, politoloq Rasim Musabəyov, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva I Qarabağ müharibəsi iştirakçısı olan Yuri Kovalyov kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə hər zaman örnək olduğunu, Vətən uğrunda canını qurban verən igidlərin heç zaman unudulmayacağını bildirib.

İdarə müdiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığını diqqətə çatdıran M.Vəliyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətinin təbliğində təhsil müəssisələrinin böyük rolu olduğunu qeyd edib.

Tədbirdə çıxış edənlər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Həmçinin Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhid, qazi və Milli Qəhrəmanların ailələrinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda, eyni zamanda Milli Qəhrəman Yuri Kovalyova həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Twitter: @cingizsafarli

Teqlər: