Paytaxt Londonda “UBER”ə qadağa qoyuldu

Paytaxt Londonda “UBER”ə qadağa qoyuldu

London nəqliyyat sisteminin rəhbərliyi online taksi xidməti “Uber”in lisenziyasını ləğv edib. Oktyabr ayından etibarən şirkətin Böyük Britaniya paytaxtında sərnişin daşımaları həyata keçirməsi qadağan edilib.

Bu barədə şəhər nəqliyyat idarəsinin (Transport for London, TfL) “Twitter” səhifəsində məlumat verilib. İdarədən şirkətə bildirilib ki, mövcud müqavilənin sentyabrın 30-da bitməsindən sonra lisenziyanın müddəti uzadılmayacaq. Səbəb odur ki, “Uber” taksi xidmətləri üçün müəyyənləşdirilən tələblərə cavab vermir. Belə ki, şirkət sürücüləri işə götürərkən onlardan məhkumiyyətin olmaması barədə arayış tələb etmir, kriminal hadisələrdən xəbərdarlıq məsələsində özünü yaxşı göstərmir, tibbi sertifikatların qeydiyyatını şəffaf aparmır, eləcə də fəaliyyətində “Greyball” sistemindən yararlanır ki, bu da şirkətin xidmətlərinin qadağan olunduğu və ya məhdudlaşdırıldığı ölkələrdə hakimiyyət orqanlarını aldatmağa imkan verir.

“Londonda bütün şirkətlər qaydalara uyğun oynamalıdır və müştərilərin təhlükəsizliyi ilə bağlı bizim tələb etdiyimiz yüksək standartlara əməl etməlidir. TfL-in londonluların təhlükəsizliyinə təhdid gördüyü halda “Uber”i lisenziyalaşdırmağa davam etməsi yanlış olardı”, – deyə London meri Sadiq Xan bildirib.

“Uber” 21 gün ərzində qərardan şikayət verə bilər.

“Bloomberg”in məlumatına əsasən Londonda “Uber”in təxminən 3,5 milyon müştərisi və 40 min sürücüsü var. 2015-ci ilin nəticələrinə əsasən “Uber London” 23,3 milyon funt-sterlinq gəlir əldə edib.