Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) payızlıq əkinlərə görə daha 17 min bəyan üzrə subsidiya ödənişi həyata keçirib. Ümumilikdə, aprelin 30-dək AKİA tərəfindən payızlıq əkinlərə görə 274 min 619 fermerə subsidiya ödənilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzerTimes-a bildiriblər ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib.
Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.