Paxlavanın/baklavanın ermənilərə heç bir aidiyyəti yoxdur – Əqli Mülkiyyət Agentliyinin ŞƏRHİ

Bu günlərdə Ermənistan mətbuatında qədim türk mətbəx
mədəniyyətinin ən çox istifadə olunan şirniyyat növlərindən biri
olan paxlava/baklavanın ermənilər tərəfindən öz qeyri-maddi mədəni
irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyasına daxil
edilməsi üçün UNESCO-ya müraciət etmək üçün hazırlıqlara
başlamaları barədə məlumat yayılıb.

İlk olaraq onu qeyd etmək lazımdır ki, ən ləziz və geniş
yayılmış şirniyyatlardan olan paxlava/baklava bir sıra
Şərq xalqlarının və ilk növbədə türk xalqlarının mətbəx
mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarındandır və
erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən,
paxlava/baklava sözünün etimoloji baxımdan erməni
dili ilə hər hansı bir bağlılığından söhbət gedə bilməz və bu
linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o, türk
xalqlarının dilinin leksikasına daxildir və bir sıra dillərdə cüzi
fonetik fərqlə səslənsə də, eyni semantikaya malikdir. Məsələn,
Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava”, özbək,
qazax və tatar dillərində paxlava/baklava kimi səslənir. Bir sıra
mütəxəssislərin fikirlərinə görə, bu söz qədim dövrlərdən
başlayaraq bakılağı-bakılavi-baklava, digər variantlarda
baklagu və ya baklagi kimi dəyişmə prosesi keçmişdir və bu
gün bir çox dillərdə paxlava/baklava formasında işlədilir
və mənası da “lay-lay olan tort” kimi izah edilir. Lüğətlərdə bu
sözün daha çox Anadolu türklərinin, yaxud Azəri türklərinin
leksikasına aid olduğu söylənilir.

Türk əsilli dilçi professor Tuncer Gülensoy
baklava/paxlava sözünün kökünün türkcədə bakl-ı
(yem) olduğunu ve buna -la-ğı sonluqlarının əlavə
olunduğunu bildirir. Söz
bakılağı>bakılavi>baklava olarak
dəyişmişdir (Gülensoy, Tuncer (2007).
Türkiye Türkcesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü-I .
Türkiye: Türk Dil Kurumu. s. 106. ISBN 978-9751619709).

Bu söz digər türk olmayan xalqların dillərinə də keçib. Məsələn,
baklava/paxlava sözünə ingilis dilində ilk dəfə 1650-ci
ildə rast gəlinir və həmin sözün Türkiyə türkcəsindən alınmış
(iqtibas edilmiş) türkizm olduğu göstərilir (Oxford English
Dictionary, 2nd edition)
.

Tarixçi Nuri Canlı paxlava haqqında ilk yazılı məlumatın XV əsrə
aid olduğunu bildirir. Onun yazdığına görə, Osmanlı hökmdarlarının
Topqapı muzeyinin Yemək kitabında İstanbulu fəth edən sultan
Fatihin dövrünə aid bir qeyd saxlanmışdır. Həmin qeyddə göstərilir
ki, sarayda ilk baklava 1453-cü ilin avqustunda
hazırlanmışdır (Елена Солнцева.
Пахлава или
жизнь.Турки защищают
смесь орехов, меда и
теста от иностранной
агрессии
(12.07.2006 15:30); (Najmieh K.
Batmanglij, A Taste of Persia: An Introduction to Persian
Cooking.
I. B. Tauris, 2007).

Bu söz qədim türk-Azərbaycan tarixinə malikdir. Ədəbiyyatımızdan
bəllidir ki, XV əsrin ortalarında yazılmış Qayğılı Abdala məxsus
bir şeirdə “baklava” haqqında belə deyilmişdir:

“İki yüz təpsi baklava, içində

Kimi badəm, kimi mərcimək olsa”

Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə
rast gəlinir:

Dərdə dəvadır baklava,

Cana şəfadır baklava,

Yiyəmmədim doyunca,

İbrət-nümadır baklava.

Bütün bunlar onu göstərir ki, həmin dövrlərdə belə “baklava”
artıq türk mətbəxinin tanınmış şirniyyatlarından olmuşdur.

Baklava/paxlava sözünün türk dilinə aid və şirniyyat
növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu
bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində
qeyd etmişlər.

Məsələn, məşhur avstriyalı linqvist Frants Mikloşiç öz türk
sözləri lüğətində baklava/paxlava sözünün Balkanlara və Şərqi
Avropaya türk dilinin leksikasından keçdiyini qeyd etmiş və həmin
sözün mənasını “lay-lay olan tort” kimi izah etmişdir
(Von dr. Franz Miklosic, “Die türkischen elemente in
den süd-ost und ost-europäischen sprachen: (griechisch albanisch
rumunisch bulgarisch serbisch kleinrussisch grossrussisch polnisch.
WIEN, 1884. S.19).

Tanınmış alman şərqşünası, türkoloq Gerhard Derfer də özünün 4
cildlik yeni persiya dilinə keçmiş türkizmlər lüğətinə
baklava/paxlava sözünü daxil etmiş və bununla həmin sözün
türk mənşəli olduğunu qeyd etmişdir (Gerhard
Doerfer
, “Türkische und Mongolische Elemente im
Neupersischen”, 1965, T2, s.255).

Tarixçi alim Paul D.Buell öz kitabında baklava/paxlava
sözünün türkcəyə bağlı olduğunu və Moğolcada da eyni məna
daşıdığını bildirmişdir (Paul D. Buell, “Moğol
İmparatorluğu ve Türkleşme: Yemek ve Yemek Yollarının Kanıtı”, s.
200 ff, Amitai-Preiss, 1999
). Türk dilinə aid olan bu
söz kiçik fonetik yazı fərqləri ilə bir çox dillərdə işlənməkdədir
(Merriam-Webster Çevrimiçi, sv
Baklava” . Mw.com . 2012-04-22;
“Dictionary.com.
Kısaltılmamış, sv Baklava” . sözlük.reference.com .
2012-04-22)
.

Bir sözlə, baklava/paxlava sözünün türk mənşəli olması
barədə fikir elmi ictimaiyyət tərəfindən qəbul edilmiş aydın
nəticədir.

Bəzi linqvistlərin araşdırmalarında baklava/paxlava
sözünün ərəb sözü “baqlawi” – “toxunmuş zəncir” sözündən törədiyini
ehtimal edən fikirlər olsa da, bu versiya öz təsdiqini
tapmamışdır.

Azərbaycanlı alimlərdən Bəşir Əhmədov paxlava/baklava
sözünün dilimizdə geniş şəkildə işlənən paxla sözü ilə bağlı
olduğunu qeyd etmişdir (Bəşir Əhmədov. Etimologiya
lüğəti).

Baklava/paxlava sözünün etimologiyasından danışarkən
onu da qeyd etmək lazımdır ki, bu şirniyyatın adının iki sözdən –
türk dillərindəki bakla/paxla və ərəb dilində olan
halva sözlərindən yaranması barədə fikirlər də mövcuddur
və bunun müəyyən elmi əsasları da vardır. Bəllidir ki,
bakla/paxlanı Azərbaycanda paxlalı bitkilərə aid edirlər.
Lakin tarixən bu sözü dənli və paxlalı bitkilərin bütün növlərinə
aid edirdilər. Qoz, badam, araxis və s. də bu kateqoriyaya
daxildir. Onu da qeyd edək ki, bəzən paxlavanı düyü və qarğıdalı,
həmçinin dənli-paxlalı bitkilərin unundan da hazırlayırlar. Çox
guman ki, rus dilində olan “бакалея” sözü də həmin
kökdəndir.

Ərəb mənşəli “halva” sözü isə “unlu şirniyyat” kimi
tərcümə olunur. Baklava/paxlava sözü isə kontaminasiyadır, yəni
bakla/paxla və halva sözlərinin birləşməsindən əmələ gəlmiş yeni
sözdür və ən önəmlisi, türk dilinin sözyaratma qaydalarına uyğun
olaraq yaradılmışdır. Daha dəqiq desək, baklahalva/paxlahalva söz
birləşmələri sözün ortasındakı hecanın kəsilməsi yolu ilə fonetik
cəhətdən baklava/paxlava sözlərinə çevrilmişdir.

Rus dilindəki leksikoqrafik mənbələrdə də bu söz kifayət qədər
geniş şəkildə işlədilir:

“пахлава” qoz-fındıq içli Şərq pirojnası (http://www.mirefremova.ru.
Современный толковый словарь русского языка Ефремовой
Т.Ф.,2000)
;

qoz-fındıq içli müxtəlif növləri olan piroq – Bakı paxlavası,
Naxçıvan paxlavası, Şuşa paxlavası, lay-lay, əriştəli, əriştə kimi
və s. (Похлебкин В.В., Большая энсиклопедия кулинарного
искусства. Все ресепты В.В Похлебкина, Центрполиграф,М.,
2009)
;

bişirildiyi qabın ölçüsü boyda olan qoz-fındıq içli Azərbaycan
milli piroqu, bişirildikdən sonra romb-hissələrə bölünür və
müxtəlif növləri vardır, hansılar ki, xəmirin xarakteri, xəmirin və
içliklərin nisbəti, onların doldurulma üsulu və yerləşdirilməsi,
içliyin komponentlərinin nisbəti ilə fərqlənirlər (Кулинарный
словарь, Зданович Л.И. Серия: Карманная библиотека. 2001, 4000
с.)
.

Milli Azərbaycan xalçalarında da bir sıra paxla simvollarına
rast gəlmək mümkündür və bunlar formaca paxlavaya oxşayırlar. Bir
çox xalçalarımızın üzərindəki həndəsi naxışlara diqqət yetirsək,
onların sırasında düz, sınıq və dalğavarı xətlərdən ibarət,
həmçinin günəşin, ayın, ulduzların təsvirini əks etdirən rəsmləri,
həmçinin paxlava və ya romb kimi ornamentləri görmək olur.
Ümumiyyətlə isə paxlava milli mədəniyyətimizdə alovun rəmzi
sayılır, ortasında qoyulmuş fındıq isə yaranışın mifik mənasını
özündə əks etdirir.

Maraqlıdır ki, bir sıra erməni yazılı mənbələrində də
baklava/paxlava sözünün türk leksikasına, həmin adda
şirniyyatın isə türk xalqlarının mətbəx mədəniyyətinə aid olduğu və
etimoloji cəhətdən ermənilərə heç bir aidiyyətinin olmadığı qeyd
olunur.

Məsələn, erməni əsilli yazıçı və dilçi Sevan Nişanyan bu sözün
ona məlum olan ən əski formalarını (1500-ci ilə qədər)
baklağı ve baklağu olaraq qəbul edir, onun
Proto-Türk kökənli olduğunu bildirir və bununla həmin sözün əslində
ermənilərlə heç bir əlaqəsinin olmadığını göstərir
(Nişanyan, Sevan (2009) (Türkçe). Sözlerin Soyağacı –
Çağdaş Türkçenin Etimolojik Sözlüğü [Kelimelerin Soyağacı – Çağdaş
Türkçenin Etimolojik Sözlüğü]. İstanbul.
http://nisanyansozluk.com/?k
=baklava).

Erməni mənbələrində paxlava/baklava ilə bağlı
yazılanlardan danışarkən bir maraqlı erməni nağılını da burada
xatırlatmaq yerinə düşər. Söhbət erməni müəllif Talita Ambarsumovna
Xatranovanın “Erməni mətbəxi” kitabına daxil edilmiş erməni folklor
vahidindən gedir və müəllif həmin nağıla istinad edir. “Paxlavanın
dadı” adlı həmin erməni xalq nağılı onların öz yalanlarını ifşa
etmək baxımından çox maraqlıdır. Nağılı təqdim edirik:

  • “Ən yaxşı hansı şirniyyatdır və hansı yemək ən dadlı
    yeməkdir?

Hər kəs sevimli yeməyini söylədi və onun ən dadlı olduğunu
təriflədi.

  • Yox, qardaşlar,- söhbətə Sako müdaxilə etdi,- ən şirin şey
    paxlavadır.
  • Sən bunu haradan bilirsən? – Keri Toros soruşdu.
  • Bilməsəydim onda danışmazdım,- Sako cavab verdi.
  • Haradan bilirsən? Eh, sən özün paxlava yemisən? –
    Maqdesants Arut istehza etdi.
  • Mən yeməmişəm, lakin bilirəm, – Sako qürurla cavab
    verdi.
  • Bir halda ki, yeməmisən, onda haradan bilirsən ki, paxlava
    şirindir? – Keri Toros soruşdu.
  • Eh, siz! – Sako incimiş halda cavab verdi, – baxmayaraq ki,
    mən paxlava yeməmişəm, lakin bilirəm. Mən bu barədə keçən il Qars
    bazarına getdiyim vaxt öyrəndim. Mən orada paxlava yeyən insanları
    gördüm. Bunu onlar dedilər: “Paxlava çox şirindir”.

Ermənilərin bu sadə xalq nağılı paxlava/baklavanın
hay-ermənilərə hansı səviyyədə aidiyyətinin olmasının əyani bir
göstəricisidir və onun məzmunu bir daha sübut edir ki, onların
tarixi və genetik yaddaşında belə baklava anlayışı
haqqında aydın təsəvvürləri yoxdur. Üstəlik, yuxarıda bir sıra
nüfuzlu müəlliflərdən gətirilmiş istinadlardan da göründüyü kimi,
paxlava/baklava sözünün erməni dilinə, bir şirniyyat növü
olaraq isə erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. Bir sözlə,
həmişə olduğu kimi, bu gün növbəti erməni saxtakarlığı ilə
qarşılaşırıq.

Beləliklə, baklava/paxlava sözünün türk leksikasına və
bu adla tanınan şirniyyat növünün türk xalqlarının mətbəx
mədəniyyətinə aid olması dünyada qəbul edilmiş faktdır və
hay-ermənilərin baklava/paxlava ilə bağlı hazırkı
iddialarının heç bir tarixi, elmi və hüquqi əsası yoxdur.

Əqli Mülkiyyət Agentliyi

Teqlər: