Xəzər rayonu Zirə və Türkan qəsəbələrində narkotacirlər
saxlanılıblar onlardan ümumilikdə 11 kiloqram heroin, marixuana və
metamfetamin aşkar edilib
Trend xəbər
verir ki, Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə
Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatar
nəticəsində Zirə və Türkan qəsəbələrində narkotik vasitə və
psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər
saxlanılıblar.
Belə ki, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik
vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat
məlumatı yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin
şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya
baxış keçirən zaman ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana
və metamfetamin aşkar edilib.
Qeyd edək ki, İsrafil Hüseynov əvvəllər də narkotik vasitələrin
satışı ilə məşğul olduğu üçün məhkum edilib. Həmin şəxs ifadəsində
narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici
ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla Zirə və
ətraf qəsəbələrdə satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Keçirilən əməliyyat-texniki tədbirlərlə İsrafil Hüseynovun həmin
narkotacirlə olan əlaqəsi və onun narkokuryerlik etmək təklifinə
razılıq verməsi tam sübuta yetirilib.
Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının Türkan
qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı da qeyd
edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan
Baba Pənahov saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən
zaman 1 kiloqramdan artıq heroin aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini
təşkil edən hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.