Paşinyanın şok etirafı: Əliyev nələr edibmiş…

Paşinyanın şok etirafı: Əliyev nələr edibmiş…

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın yerli mediaya geniş müsahibəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox məqamlara aydınlıq gətirən etirafları sensasiya sayıla bilər.

Paşinyan faktiki olaraq 2018-ci ildə hakimiyyətə gələrkən Qarabağ danışıqlarında Azərbaycanın öz mövqelərini beynəlxalq müstəvidə belə tanıtdırdığını, hər kəsin Bakının yanaşmasını dəstəklədiyini bildirir.

Açıq şəkildə etiraf edir ki, yalnız 1999-cu ildə “Mehri ilə Qarabağın dəyişdirilməsi təklifi” istisna olmaqla, ortada Qarabağ münaqişəsini həll edə biləcək (erməni mövqeyini müdafiə edəcək) heç bir real təklif olmayıb, əksinə, Minsk Qrupunun təklifləri münaqişənin həll edilməməsi üzərində qurulub.

İlham Əliyev danışıqlar masasına oturduqdan sonra (əsasən, 2005-2006-cı illərdən) bu sərt mövqeyi ortaya qoyub və 2016-cı ilə qədər bütün beynəlxalq güclərə qəbul etdirib ki:

1. Keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayon azad edilir;

2. Keçmiş Dağlıq Qarabağın statusunun müəyyənləşməsi gələcəyə saxlanılır, azərbaycanlı qaçqınlar tam şəkildə qayıdandan və yerləşəndən sonra referendum keçirilir;

3. Referendum yalnız Dağlıq Qarabağı deyil, bütövlükdə Qarabağı əhatə edir. Paşinyandan sitat: “Azərbaycan azərbaycanlıların say üstünlüyü olmayana qədər Qarabağda referendum keçirməyəcəyini elan etmişdi”.

4. Daha sonra kommunikasiyaların açılması, Naxçıvana yol, eksklavların qaytarılması gündəmə gəlir.

Başqa sözlə desək, İlham Əliyev 44 günlük savaşa qədər bütün prinsiplərini danışıqlarda iştirak edən tərəflərə qəbul etdirməklə, siyasi qələbəsini təmin etmişdi.

Hələ 2016-cı ildə, Dördgünlük savaşdan sonra Serj Sərkisyanın torpaqların qaytarılması ilə bağlı öhdəlik götürdüyü, sonradan bunu ertələmək üçün seçkiləri bəhanə gətirdiyi və seçkilərdə də hakimiyyəti Paşinyana ötürməyə bu məqsədlə razılaşdığı haqda ehtiamllarımızı səsləndirmişdik. Sərkisyan qərbyönlü Paşinyana hakimiyyətin təslim olunmasına razılaşmaqla, danışıqlar formatını dəyişmək və Qərbin müdaxiləsi ilə Qarabağ məsələsində nələrsə qoparmağa ümid edirdi.

Paşinyan etiraf edir ki, hakimiyyətə gələndən sonra xalqla açıq danışmalı, işğalın dayandırılması və torpaqların qaytarılmasından başqa variant olmadığını deməliydi və bunu xalqa açıq deməməklə əslində ciddi səhvə yol verib.

Paşinyan bunu bu cür izah edir: “Çünki bunu özüm daxilən qəbul edə bilmirdim”. Və “daxilən qəbul edə bilmədiyi siyasi məğlubiyyətdən yaxa qurtarmaq üçün manipulyasiyalara, hərbi təhdidə başlayır…”

Qərbdən aldığı dəstəklə “Qarabağ Ermənistandır” şüarını səsləndirir və “Yeni müharibə və yeni ərazilər” tezisinə keçir. Bu, Rusiya lideri Putinin zəmanəti ilə Ermənistan dövlətinin Sərkisyanın simasında 2016-cı ilin aprelində üzərinə götürdüyü öhdəlikdən imtina idi.

Nəticə artıq hər kəsə bəllidir!

Paşinyanın daha bir etirafı da maraqlıdır. O bildirir ki, 44 günlük savaşın Azərbaycan ərazisində olduğunu deyən KTMT, yəni Rusiya müharibəyə müdaxilə etməyib. Ancaq 2021-ci ilin noyabrında Ermənistan ordusu “sərhəddə döyüşürdü”, yenə də Rusiyadan “sıxır reaksiya” oldu.

Bu isə o deməkdir ki, 2020-ci ildən sonrakı toqquşmaların da əsas səbəbkarı məhz Ermənistan olub. Sanki Ermənistan qəsdən sərhəddə toqquşma yaratmaq, “döyüşdüyünü” göstərmək istəyib və KTMT və Rusiyanın müdaxiləsinə nail olmağa çalışıb. Prosesi dəqiqliyi ilə izləyən KTMT isə bu şantajlara əhəmiyyət verməyib.

2022-ci ilin sentyabr toqquşması ilə bağlı etirafı isə Ermənistanın 2020-ci il 10 noyabr bəyanatından yayınmaq və yeni iddialar ortaya atmasına cavab kimi qəbul etmək mümkündür. Xovayevin Azərbaycanla razılaşdırdığı təklifləri qəbul etməyən Ermənistan sərhəd müharibəsi ilə situasiyanı dəyişməyə növbəti cəhd edib, ancaq Azərbaycan Ordusu daha sarsıdıcı zərbə vurub.

Nəhayət, 2022-ci il sentyabr toqquşmasında ağır zərbə alandan sonra Paşinyan etiraf edir ki, artıq Almatı bəyannaməsi əsasında sülh danışıqlarına razı olmaqdan başqa çarəm qalmadı – əks halda Ermənistan dövlətinin mövcudluğunu qorumaq mümkün olmayacaqdı.

Bu, siyasi və hərbi müstəvidə Azərbaycan dövlətinin necə bir sinxronlaşmış möhtəşəm siyasət aparmasının bir daha təsdiqidir…

Teqlər: