Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı beynəlxalq ictimaiyyəti növbəti dəfə yanıltmaq cəhdidir. Çünki biz dəfələrlə Ermənistan rəhbərliyinin sözü ilə əməlinin bir-birini tamamlamadığının şahidi olmuşuq.
AzerTimes xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O bildirib ki, Paşinyan öz çıxışında ölkəsini sülh tərəfdarı kimi təqdim etməyə çalışıb, lakin Ermənistanın son 30 il ərzində yürütdüyü siyasət işğal, soqyqırım və etnik təmizləmədir.
S.Məmmədovun sözlərinə görə, Cənubi Qafqazda davamlı və etibarlı sülhün yaradılmasının ilk təşəbbüskarı Azərbaycan olub və bu gün də bu siyasətini davam etdirir:
“İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində çoxsaylı cəhdlər məhz Ermənistanın qeyri-konstruktiv davranışları səbəbindən nəticəsiz qalıb. 44 günlük müharibədən sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanan beş prinsip əsasında sülh sazişinin hazırlanmasını təklif etmişdi. Ermənistan bu prinsipləri qəbul etdiyini bildirdi. Lakin sonrakı mərhələdə biz qarşı tərəfin maksimalist yanaşmasını, bir çox hallarda isə destruktiv addımlarını müşahidə etdik. Azərbaycan ərazilərinin minalanması, Laçın yolundan silah və texnika daşınması məqsədilə sui-istifadə edilməsi, ərazilərimizdən Ermənistan ordusunun qalıqlarının çıxarılmaması, separatçı rejimə siyasi, maliyyə və hərbi dəstəyin verilməsi sülhə gedən yolda əsas maneələr idi. Bu gün bu maneələr əsasən aradan qalxıb. Lakin Ermənistan hələ də 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına əməl etməkdən yayınır. Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməyib. Üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında müntəzəm əlaqənin bərpası üçün konkret mexanizmlər öz əksini tapıb. İndi Ermənistan hökuməti həmin sənədi təhrif edərək, tamamilə yeni və sənəddə əksini tapmamış fərqli prinsiplər irəli sürür”.
Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti regionda sülhün təmin olunması, Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu dəfələrlə bəyan edib. Lakin təəssüf ki, rəsmi İrəvan bizim ölkəmizə qarşı beynəlxalq təzyiq mexanizmlərini tətbiq etmək üçün müxtəlif yollara əl atmağa davam edir:
“Paşinyanın Avropa Parlamentində çıxışı 2020-ci ildə Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya hücumuna məruz qalmasının 3-cü ildönümünə təsadüf edir. Üç il öncə oktyabrın 17-də bu qanlı terror nəticəsində 15 həmvətənimiz həlak oldu, onlarla insan yaralandı və bu, Gənəyə 5-ci raket zərbəsi idi. Dinc sakinlərə qarşı terror həyata keçirən bir ölkənin hökumət başçısının bu gün Avropa Parlamentinin kürsüsündə sülhdən, demokratiyadan danışması isə təəccüblüdür”.