Paşinyanın “obyektiv” çıxışının səbəbi

Paşinyanın “obyektiv” çıxışının səbəbi

Professor Qabil Hüseynlinin AzerTimes-a müsahibəsi:

– Paşinyan dünən parlamentdəki çıxışında ölkə üçün təhlükə riskinin qaldığını, bunun nəzarətə alınmasının yalnız müvəqqəti şəkildə mümkün ola biləcəyini qeyd edib. O, eyni zamanda sülhdən danışaraq, ümumiyyətlə və birdəfəlik ərazi iddialarından imtinanı dövlətçiliyin var olmasının əsas şərti adlandırıb. Sizcə, Paşinyan bu sözlərində nə qədər səmimidir və sülh müqaviləsinin imzalanma şansı varmı?

– Son bir neçə həftədir ki, biz Paşinyanın obyektivliyə yaxın və bəzən obyektiv açıqlamalarının şahidi oluruq. Görünən odur ki, Ermənistan Paşinyanın timsalında artıq öz iddialarından imtina etmək mərhələsinə qədəm qoyub. Əvvəlki açıqlamalara nəzər yetirdiyimiz zaman biz ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi ilə konsensusun olduğunu müşahidə edirik. O, Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu, ölkəsinin yalnız oradakı ermənilərin təhlükəsizliyi və insan haqları məsələsini qabartdığını bildirib. “Dənizdən-dənizə Ermənistan” xülyasının arxası ilə qaçanların sayı azalır. Gedən proseslər çox ciddidir və Qarabağda separatçılığın kökünü kəsmək üçün geniş perspektivlər açılır. Onlar da yaxşı anlayırlar ki, büdcədən hər il 400-500 milyon dollar Qarabağdakı separatçılara sərf edilir və bu məsələ sülh müqaviləsinin imzalanmasının, Ermənistanın inkişafının qarşısındakı əsas əngəldir. Fikrimcə, Paşinyan sözügedən açıqlamaları ilə özünün və komandasının artıq Qarabağ məsələsində kompromisə getməyə hazır olduğunu, yaxud artıq getdiyini bəyan edir. Yəqin ki, indiki mərhələdən sonra Qarabağdakı ermənilərə yardımlar da dayanacaq. Ermənistanın oradakıların pasportlarının yenilənməsindəki istəksizliyini də nəzərdən qaçırmamaq lazımdır. Revanşist qüvvələrin qəzəbi fonunda belə addımların atılması o qədər də asan deyil. Vaşinqtondakı danışıqların ilkin nəticələri Ermənistanın Azərbaycanın təklif etdiyi beş şərti demək olar ki, qəbul etdiyini nümayiş etdirir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın son açıqlaması da danışıqların uğurlu olmasından xəbər verir. Vaşinqton artıq kifayət qədər İrəvana təzyiq göstərir. Danışıqlarda münasibətlərin normalaşdırılmasının prinsipləri və fundamental əsasları razılaşdırılır. Bu, olduqca böyük hadisədir. Sülh müqaviləsinin imzalanmasına yaxınlaşırıq. Rəsmi İrəvan da sülhü dövlətçiliyin və xalqın xilası üçün yeganə çıxış yolu sayır.

– Paşinyan eyni zamanda “Nemezis” terrorçularına və Qaregin Njdeyə abidə qoyulmasını yanlış addım kimi qiymətləndirib. O, eyni zamanda vətənpərvərlik modelinin “krala əsaslandığını” bildirib. Sizcə, Ermənistan baş naziri nə demək istəyib?

– Paşinyan açıq şəkildə Türkiyə və Azərbaycanın diplomatlarına sui-qəsd həyata keçirən terrorçu dəstəyə, eyni zamanda faşist Njdeyə abidə qoyulmasını ancaq revanşizmə, qisasçılığa xidmət edən addım olduğunu etiraf edir. Bu, Ermənistanın dövlət maraqlarına cavab vermir. Baş nazir də satqınlıqda ittiham olunmaqdan çəkindikləri üçün abidənin qoyulmasına razılıq verdiklərini, lakin atılan addımın Türkiyənin Ermənistana hava yolunu bağlaması ilə nəticələndiyini deyib. Fikrimcə, kral dövlətçiliyi məsələsini qabartmaqla o, kilsənin destruktiv roluna eyham vurur. Qriqoryan kilsəsinin isə dövlət olmadığı, çox vaxt hakimiyyət funksiyalarını üzərinə götürməsi hamımıza məlumdur. Hazırda Paşinyanla kilsə arasında ciddi qarşıdurma var. O, hökumətin sözügedən abidələrin qoyulmasında maraqlı olmadığını, lakin öz iradəsinə zidd şəkildə əhalinin müəyyən qismindən gələn tələb qarşılığında və kilsənin də təsiri ilə məcburiyyət qarşısında bu addımı atdıqlarını demək istəyib.

Teqlər: