Paşinyanın Niderland İnstitutundakı çıxışı klassik erməni həyasızlığının növbəti nümunəsidir – ŞƏRH

Nikol Paşinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər
İnstitutunda çıxışı sübuta yetirir ki, Ermənistan hakimiyyəti,
bölgədəki reallıqları nəzərə almadan, hazırda ona qarşı çıxış edən
sabiq prezidentlərin – müharibə cinayətkarlarının səhvlərini davam
etdirmək niyyətindədir.

Bunu AzerTimes-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.

E.Mirzəbəyli bildirib ki, Paşinyanın irəli sürdüyü iddia və
ittihamlar əsassız və məntiqsiz olmaqla yanaşı, Ermənistan üçün
həyati əhəmiyyət kəsb edən Bakı-İrəvan münasibətlərinin
normallaşması ilə bağlı prosesin irəliyə doğru aparılması üçün əldə
olunmuş razlaşmalara ziddir.

Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan, kapitulyasiya aktına
imza atan, Azərbaycan torpaqlarını 30 ilə yaxın bir zaman kəsiyində
viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım
siyasəti həyata keçirən bir ölkənin humanitar dəyərlərdən,
beynəlxalq humanitar hüququn norma və prinsiplərindən söz açması
klassik erməni həyasızlığının növbəti nümunəsidir.

“Halbuki Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan
torpaqlarını humanitar fəlakət zonasına çevirdiyi hər kəsin gözə
önündə olan və hər kəsin görə biləcəyi bir reallıqdır. Ermənistanın
mövcud siyasi hakimiyyəti Azərbaycan ərazilərinə az qala “toxum”
kimi səpilən minaların xəritələrini belə alver predmetinə
çevirməklə müharibə cinayətkarları olan sələflərindən
fərqlənmədiyini, antihumanizmin Ermənistanın dövlət siyasətinin
əsasını təşkil etdiyini bir daha sübuta yetirdi.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan
torpaqlarında törətdiyi misli görünməmiş dağıntılar, həmçinin bu
torpaqların az qala hər qarşısının minalanmasi sübuta yetirir ki,
kapitulyant ölkənin yeganə məqsədi azərbaycanlılara ziyan
vurmaqdan, yurd yerlərimizi yaşanmaz hala gətirməkdən ibarət olub”,
– deyə E.Mirzəbəyli əlavə edib.

“Təkcə Pasinyan deyil, Ermənistanın ondan öncəki rəhbərləri də
çox yaxşı başa düşürdülər ki, Azərbaycan istənilən halda tarixi
ədaləti bərpa edərək, işğala son qoyacaq. Məhz buna görə də uzun
illərdən bəri Azərbaycan, türk düşmənçiliyi üzərində formalaşmış
ultramillətçi, neofaşist ideyalariyla zəhərlənmiş qanlı
təşəkkürlərinin diqtəsi altında azərbaycanlılara məxsus olan her
şeyi məhv etmək niyyəti güdürdülər. Pasinyanın son iddiaları da
sübuta yetirdi ki, bu niyyət hələ də dəyişməyib”, – deyə
E.Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli bəyanatdan
sonra, ermənilərin Kəlbəcər, Ağdam və Laçın ərazilərində əlavə
minalaması, həmçinin erməni hərbi birləşmələrinin və ərazilərimizdə
qanunsuz məskunlaşdırılmış mülki vətəndaşların torpaqlarımızı tərk
edərkən, hətta təbiətə belə divan tutmaları Ermənistan və
erməniliklə humanizm prinsiplərinin daban-dabana zidd olduğunun
göstəricisidir:

“Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə
mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin
hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin
torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər
xırda-para bicliklərdə “mahir” olduqlarını, klassik
goreşənliklərini nəzərə alıblar.

Qeyd edim ki, SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan
ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə,
onları TM-62 və TM-57 minaları ilə təmin edib”.

E.Mirzəbəyli qeyd edib ki, 44 günlük müharibə dövründə diqqət
çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə
mina istehsalının sürətlə artmasıdır.

“Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar
əleyhinə minaların istehsalından danışılmır. Amma Rusiya
sülhməramlılarının minaların zərərsizləşdirilməsi prosesində, TM-62
və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla
qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan bu gün də qadağan
edilmiş minaların istehsalı ilə məşğuldur. Məlum olduğu kimi 30 ilə
yaxın zaman kəsiyində Azərbaycan hazırda Rusiya sülhməramlılarının
müvəqqəti müşahidəsi altında olan ərazilərə nəzarət edə bilməyib.
Atəşkəsdən dərhal sonra isə həmin ərazilər Rusiya
sülhməramlılarının müşahidəsi altına düşdüyü üçün, oralarda
Azərbaycan hərbçiləri tərəfindən minaların basdırılması mümkün
deyil. Mövcud mənzərə sübuta yetirir ki, müharibədə ağır
məğlubiyyətə uğrayan və hərbçiləri fərarilik edən Ermənistanın
hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısının alınmasının yeganə
yolunu “torpağın altında” görüb. Çünki həm havada, həm də torpağın
üstündə Azərbaycan ordusu tam üstünlüyə malik idi.
Bütün bunlar isə sübuta yetirir ki, ermənilər Azərbaycan
ərazilərini minalayaraq geriyə çəkiliblər və bu proses müharibənin
ilk günlərindən planlaşdırılmış şəkildə həyata keçirilib”, – deyə
ekspert əlavə edib.

Onun sözlərinə görə, Ermənistan acınacaqlı məğlubiyyətindən
keçən təxminən 1,6 illik zaman kəsiyində qarşılıqlı münasibətlərin
normallaşmasına xidmət edən könüllü heç bir addım atmayıb:

“Ölkəmizə təqdim edilən mina xəritələri də bu ölkənin öz istəyi
ilə baş verməyib. Əksinə ötən zaman kəsiyində rəsmi İrəvan nəyin
bahasına olursa- olsun mina xəritələrinin Azərbaycana təqdim
edilməsindən yayınmağa çalışıb. Azərbaycan ərazilərində aparılan
çoxsaylı araşdırmalar, xarici ekspertlərin verdiyi rəylər rəsmi
İrəvanın mina xəritələrinin ölkəmizə təqdim etmək məcburiyyətində
qoydu. Hətta bu halda da Ermənistanın təqdim etdiyi xəritələrin
dəqiqliyi 25% təşkil edildiyi minalarla bağlı problemin həllinə
ciddi təsir göstərmədi. Azərbaycan bu problemi yenə də öz imkanları
hesabına həll edir və son zamanlar mina partlayışlarından ziyan
çəkənlərin və ölənlərin sayının azalması görülən işlərin və
aparılan geniş maarifləndirmənin nəticəsidir.

Pasinyanın Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər
İnstitutunda çıxışı isə məsuliyyətdən yayınmaq üçün bəhanə
uydurmaqdan başqa bir şey deyil”.

Teqlər: