Ermənistanda heç vaxt xalq hakimiyyəti olmayıb. Bu səbəbdən ölkədə baş verən hər hansı bir siyasi dəyişiklik xalqın diqtəsi ilə deyil, məhz ayrı-ayrı rejimlərin və güclərin təzyiqi ilə baş verir.
Götürək 2018-ci ildə sıradan bir deputat Nikol Paşinyanın birdən-birə hakimiyyətə gəlişini. O, Qərb üçün sadəcə bir vasitə idi. Ermənistanda Qərbi təmsil edən şəbəkələşmiş Soros fondu bir anın içində bu vasitəni “qəhrəman”a çevirdi, maddi və mənəvi dəstəklə ermənilərdən ibrarət insan kütlələrini küçələrə tökdü, o kütlə ki, qaniçən Koçaryan-Sarkisyan rejiminin 20 illik zülmünə, əzab və əsarətinə bir dəfə də olsun qarşı çıxmamışdı. İndi nə oldu? Serj Sarkisyan rejimi postu təhvil verməyə məcbur edildi.
Hətta, Ermənistanda son parlament seçkilərindən iki ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, yenidən seçkilərin keçirilməsi də xalqın istəyi və tələbi ilə olmadı. Bu dəfə Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallıq Ermənistan hakimiyyətini buna məcbur etdi.
Ona görə də bu gün Ermənistanda baş verənlər, xüsusən də dünən ölkədə keçirilən parlament seçkiləri və onun nəticələri bizi o qədər də təəccübləndirməməlidir. Məlum, baş verən saxtakarlıqlara, seçki pozuntularına və xaotik vəziyyətə rəğmən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə 53,92 faiz səslə qalib oldu. Əslində, bu, Paşinyanın siyasi çəkisinin ağırlığının deyil, köhnə korrupsioner bir rejimin yüngüllüyünün, erməni cəmiyyətinin bu qaniçən rejimdən bezməsinin bəhrəsidir. Ona görə bunu Paşinyanın məğlubiyyətə bərabər qələbəsi də adlandırmaq olar.
Həmçinin, bu seçkilər bir daha göstərdi ki, erməni xalqı yenidən Azərbaycanın “dəmir yumruğu”na tuş gəlmək niyyətində deyil. Çünki təbliğat-təşviqat dövrü ərzində Köçəryan-Sarkisyan cütlüyünün ağzından revanşizm alovları püskürürdü. Onlar insanları Qarabağı yenidən döyüş yolu ilə alacaqlarına ümidli etmək istədilər. Ermənistan vətəndaşı isə daha səbəbsiz yerə özgə torpaqlarında ölmək istəmir.
Bu seçkilərlə həm də Qarabağsız “Qarabağ klanı” tarixin zibilliyinə gömüldü. Düzdür, Ermənistan cəmiyyəti və seçiciləri hələ də mövcud reallığı dərk etməkdə çətinlik çəkirlər, lakin başqa çıxış yolları olmadığını da başa düşürlər. Çünki qutudan Paşinyanın deyil, Koçaryanın çıxması Ermənistan üçün vətəndaş müharibəsi, eləcə də yeni müharibə vəd edirdi. Bununla belə, Ermənistandakı mövcud vəziyyətlə bağlı nə yazıq ki, “sular duruldu”, “vəziyyət düzəldi”, “siyasi gərginlik azaldı” kimi ifadələr işlətmək də hələ tezdir. Çünki Koçaryan-Sarkisyan cütlüyü seçki prosesindəki saxtakarlıqlardan asanlıqla qopan deyillər. Onlar nəyəsə nail olacaqlarını sanmasalar belə, müəyyən təxribatlara əl atacaqlar…
Beləcə, Ermənistanda “daxili didişmə” hərzamankı kimi qüvvədə qalacaq. Bizim üçün maraqlı olan məsələ isə Ermənistanın bundan sonra regionda özünü necə aparacağıdır. Azərbaycanın revanşistlərlə, radikal qüvvələrlə heç vaxt əməkdaşlıq etməyəcəyi birmənalıdır. Ona görə də Ermənistanda yeni formalaşacaq hakimiyyət 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini daha qətiyyətlə icra edə biləcək bir siyasi iradə nümayiş etdirməlidir. Seçkilərdən qalib çıxan Nikol Paşinyan da dövlət idarəetməsində nə qədər təcrübəsiz və yarıtmaz olsa da bunu dərk etməlidir. Çünki Ermənistan üçün artıq yeni və daha ciddi bir dönəm başlayır.
Bir sözlə, Ermənistanın böhrandan çıxış yolları barədə düşünməli olan yeni hakimiyyət Qarabağla bağlı sülhə gəlməli və Azərbaycanın vəd etdiyi əməkdaşlıq platformasından yararlanmalıdır. Bunun əksi Ermənistan üçün daha böyük faciələrə səbəb olacaq.
Twitter: @Elgun_Mensimov