Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əli üzülən Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb. Ona görə də Paşinyan dekabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Emmanuel Makronun iştirakını tələb edib.
AzerTimes xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
E.Şahinoğlu bildirib ki, Azərbaycanın dövlət başçısı ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmir:
“Paşinyanın tələbi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətə qoyub. Bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə 4 görüş olub və heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub. Makron sadəcə, Praqadakı konfrans çərçivəsində keçirilən görüşə qatılıb. Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir və Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronun Mişelin yanında oturması tələbini irəli sürür. Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək.
Görüş alınmayacaqsa, belə çıxacaq ki, Paşinyanın Makronu tələb etməsi Kremlin maraqlarına cavab verəcək”.