Xəbər verdiyimiz kimi, Ermənistanda revanşist aksiyalara başçılıq edən keşiş Baqrat Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi başladacağını bildirib və bununla bağlı artıq “Ermənistan” fraksiyasının (Robert Köçəryan) ofisində görüş keçirib. Ermənistan qanunvericiliyində impiçment prosesi necə aparılır?
AzerTimes xəbər verir ki, Ermənistan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə deputatların 1/3-nin – yəni 36 deputatın (hazırda Ermənistan parlamentinin 107 deputatı var) imzası lazımdır.
36 deputatın imzası ilə layihə təqdim edilərsə, 48 saat sonra baş nazirə etimad göstərilməməsi məsələsi parlamentin növbəti iclaslarında müzakirə edilir. Bu müddətlərdə müntəzəm iclaslar keçirilməsə, parlamentin növbədənkənar iclası çağırılır.
Layihə təqdim olunduqdan 48-72 saat sonra səsverməyə çıxarılır. Qərar səs çoxluğu ilə – yəni minimum 54 səslə qəbul oluna bilər.
Layihə qəbul edilmədikdə məsələnin müzakirəsi başa çatmış hesab edilir və növbəti layihə yalnız 6 aydan sonra təqdim edilə bilər.
Qeyd edək ki, Ermənistan parlamentində Nikol Paşinyanın – Mülki Müqavilə Partiyasının 71 deputatı var, Robert Köçəryanın “Ermənistan” bloku 29, Serj Sərkisyanın “Şərəfim var” bloku isə 6 deputat yerinə sahibdir, 1 deputat “Şərəfim var” blokundan istefa verib və müstəqil fəaliyyət göstərir.
Beləliklə, hazırda müxalifətin 35 deputatı var. Buna görə də qərar layihəsinin nəinki qəbul edilməsi, hətta təqdim edilməsi üçün lazım olan 36 səsdən 1-i çatmır.