Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə deputatlarn suallarını cavablandıran zaman Şuşa haqqında söylədikləri Ermənistanda rezonans doğurub.
Nikol Paşinyan müxalifət “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyanın sualına cavab verərkən deyib: “Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?!”.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, Şuşa şəhərinin əhalisi həmişə 98-99 faiz azərbaycanlılardan ibarət olub.
O qeyd edib ki, Şuşa şəhərinin bünövrəsini Azərbaycanın görkəmli Qarabağ xanı Pənahəli xan qoyub:
“Şuşa şəhərində daim azərbaycanlılar yaşayıb və təsadüfi deyil ki, Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq bütün dünya bilir ki, Şuşa Azərbaycan şəhəridir. Paşinyanın da etirafları bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə dedikləri cəfəng fikirləri alt-üst etdi, göstərdi ki, bu fikirlər sadəcə özlərini aldatmaqdan başqa bir şey deyil.
Mən 12 yaşıma qədər Şuşada yaşayan bir şəxs kimi deyə bilərəm ki, Şuşada həmişə azərbaycanlılar çox gözəl, xoşbəxt yaşayıblar. Bizim mütəfəkkirlərimiz, tanınmış bəstəkarlarımız Şuşa şəhərində yaşayıblar. Görkəmli dövlət xadimi, Azərbaycan ədəbiyyatının şöhrətli nümayəndələrindən biri Əhməd bəy Ağaoğlu kimi insanlarımız bizi çağdaş Avropa mədəniyyəti ilə tanış edib, fransız milli məktəbini açmasl ilə Şuşaya Avropa mədəniyyətinin nümunələrini gətirib. Bütün bunlar hamısı tarixi və mədəni faktlardır. Bunu heç kim təkzib edə bilməz, buna qarşı hər hansı bir arqument qoyula bilməz”.