Paşinyanın əsaslandığı bəyanat qüvvədən düşdü!

Paşinyanın əsaslandığı bəyanat qüvvədən düşdü!

23 aprel tarixindən – Azərbaycan Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsi qurandan bəri Ermənistanın rəsmiləri bu addımın 10 noyabr bəyanatına zidd olduğunu bildirir və Laçın yolunun maneəsiz gediş-gəliş üçün açılmasını tələb edirlər.

Bu gün Ermənistan TŞ katibi Armen Qriqoryan və Baş nazir Nikol Paşinyan da bunu bəyanatın tələbinin pozulması kimi dəyərləndirərək, bütün məsuliyyəti Rusiyanın üzərinə atdı.

Qəti tələblər səsləndirirlər: Rusiya sülhməramlıları Laçın yolunda maneəsiz gedişi təmin etməlidir!

Haqlıdırlarmı?

10 noyabr bəyanatının 6-cı bəndinə görə, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Azərbaycan Laçın yolu ilə maneəsiz hərəkətin təmin olunmasını üzərinə götürüb, tam 2,5 ildir ki, heç bir narahatlıq olmadan bu öhdəliyini yerinə yetirir.

Ermənistan hansı öhdəliyi götürmüşdü?

Bəyanatın 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci ildən, gecə ilə Qarabağa yerləşdirilib. Ancaq erməni silahlı qüvvələri nəinki paralel şəkildə çıxarılıb, əksinə, 2,5 il ərzində erməni silahlılar sülhməramlılarla birgə “mövqe” qurublar, səngər qazıblar, silahlanıblar. Azərbaycan ərazisindən erməni silahlı qüvvələrinin bölmələri çıxmayıb, sayı artıb. Ermənistan Laçın yolu ilə həmin silahlıları silahlandırıb, onların sayını 10 minə qaldırıb, Azərbaycan ərazisinə 2021-ci ildə Ermənistanda istehsal edilən minalar döşənib və yeni döşənən minalardan əsgərlərimiz və mülki vətəndaşlarımız həlak olub və yaxud yaralanıb.

Ermənistan 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndini qəsdən, düşünərək, məqsədli şəkildə və Azərbaycana qarşı işğal siyasətini davam etdirmək və suverenliyimizi pozmaq üçün pozub, rus sülhməramlılarını isə qalxana çevirib.

Bəyanatın 9-cu bəndində deyilir:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Biz bunu “Zəngəzur dəhlizi” adlandırırıq. “Dəhliz” ifadəsi 2020-ci il 10 noyabr bəyanatında əks olunmasa da, “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSIZ hərəkətinin təşkili” xüsusi olaraq vurğulanır – eynilə Laçın dəhlizi haqda təyinlərdə də bu sözdən istifadə edilib.

Fərq yalnız budur: Laçın yol Rusiya sülhməramlılarının, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək, yüklərin, vətəndaşların, nəqliyyat vasitələrinin MANEƏSİZ keçidini təmin edəcək YENİ YOLa nəzarət isə Rusiya FTX-nin Sərhəd Xidmətində olacaq.

2,5 ildir Ermənistan bu yolun açılması ilə bağlı nəinki danışıqlar aparır, ümumiyyətlə bu bəndi inkar edir, heç bir yeni yolun açılmayacağında israr edir, bu istiqamətdə danışıqları tam dayandırıb.

Azərbaycan Laçın yolunun təhlükəsiz fəaliyyətinə 10 noyabr 2020-ci il bəyanatından dərhal sonra icazə verib, Ermənistan isə 4-cü və 9-cu bəndin tələblərini 2,5 ildir icra etmir, bu tələbləri saymır, Azərbaycana meydan oxuyur.

Azərbaycan Laçın yolu ilə “vətəndaşların” maneəsiz keçidinin təmin edilməsinə zəmanət vermişdi – iranlı hərbi mütəxəssislərin, fransız siyasətçilərin, VOMA terrorçularının keçidinə, Qarabağa qanunsuz daşımalara yox!

Necə olur ki, 2,5 ildir 10 noyabr 2020-ci il bəyanatının tələblərini ayağının altına alaraq, meydan oxuyan Paşinyan cəmi 3 gündür qurulan Laçın postuna görə Rusiyadan tələblər irəli sürür?

Rus sülhməramlılarının Azərbaycan rəsmiləri ilə danışıqlar apardığı, Laçın postunu rus sülhməramlılara təhvil verməsinə çalışdıqları bildirilir.

Azərbaycanın qarşılıqlı tələbi var və yaxud olmalıdır: dərhal Qarabağdakı bütün silahlı birləşmələr çıxarılsın, Naxçıvana maneəsiz Yeni Yol açılsın və onun nəzarəti Rusiya FTX-yə verilsin, ondan sonra rus sülhməramlılar Laçın postunda azərbaycanlılarla bərabər otura bilərlər.

Yeri gəlmişkən: 44 günlük savaşın qalibi Azərbaycandır axı, deyəsən; 10 noyabr 2020-ci il bəyanatı Ermənistanın yalvarışları ilə imzalanıb, axı! Həm də İlham Əliyevlə Putin arasında – o bəyanat imzalananda Paşinyan ümumiyyətlə yox idi və faktiki olaraq bu bəyanat Rusiya və Azərbaycana aiddir!

Ermənistanın bu öhdəliklərini yerinə yetirməsi üçün məsul, zəmanətçi, qarant Rusiya və Vladimir Putindir!

Rusiya öhdəliklərini yerinə yetirməyib; Rusiya zəmanətçi ölkə kimi Azərbaycanın qarşısında gözükölgəlidir! Rus sülhməramlılar hansı üzlə Azərbaycandan nəsə tələb edə bilərlər?

Azərbaycan 2,5 ildir delimitasiya və demarkasiya istəyir; Azərbaycan 2,5 ildir sülh sazişinin bağlanmasını israr edir. Niyə Azərbaycan istəməlidir?

Qalib bizik, bizim Ordudur, Ermənistan sülh üçün yalvarandır! Əks halda Qazaxın 7, Naxçıvanın 1 kəndini də Ordumuz nəzarətə götürməlidir!

Ermənistan götürdüyü öhdəlikləri icra etmək istəmirsə, 10 noyabr bəyanatı qüvvədən düşür demək!

Teqlər: