Paşinyanın Ermənistanı demokratik ölkə kimi təqdim etməyə çalışması gülüncdür – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına səsləndirdiyi fikirlər həm gülünc, həm də paradoksdur. Gülüncdür ona görə ki, o, Ermənistanı demokratik ölkə kimi təqdim etməyə çalışır və ABŞ prezidenti Co Baydenin onu “demokratiya sammiti” adlı tədbirə dəvət etməsinə görə qürrələnir.

Bunu AzerTimes-ın sualına cavab olaraq politoloq Ceyhun Əhmədli deyib.

O bildirib ki, sanki həmin sammitə dəvət edilmək dövlət üçün hansısa xüsusi imtiyaz, yaxud da üstün bir status yaradırmış.

“Halbuki, “demokratiya sammiti”nin ABŞ-ın qlobal maraqlarına xidmət edən geosiyasi çalarlı bir tədbir olduğu hər kəsə bəllidir. Sammitə dəvət edilənlərin siyahısına nəzər yetirdikdə bunu aydın şəkildə görə bilərik. Dünya demokratiya şkalasında ən son sıralarda qərarlaşmış ölkələrin oraya dəvət edilməsi, Türkiyə kimi örnək demokratik idarəetmə sisteminə sahib bir ölkənin isə dəvət edilməməsi sammiti təşkil edənlərin əsl niyyətini ortaya qoyur. Paşinyanın belə bir tədbirdə iştirak etməyə görə qürrələnməsi bu baxımdan yersiz və əsassızdır.

İkincisi, bu gün Ermənistanın daxilində müxalif siyasi dairələrə qarşı tətbiq olunan repressiv addımlar Paşinyanın saxta kimliyini ifşa edir. Bunu biz yox, Ermənistandakı insan hüquqları institutları, o cümlədən müxalif düşərgədə təmsil olunan siyasi qüvvələr etiraf edirlər. Belə olan halda Paşinyanın demokratik obrazdan çıxış etməsi heç bir məntiqə sığmır”, – deyə deputat bildirib.

O qeyd edib ki, ziddiyyətli məqamlardan biri də odur ki, Belarusla Ermənistan hazırda eyni hərbi blokda təmsil olunurlar.

“Məlum olduğu kimi, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Paşinyan dəfələrlə KTMT üzvlərinə, o cümlədən şəxsən Belarus prezidenti Aleksandr Lukaşenkoya müraciət edərək ondan kömək diləmişdi. Təbii, həmin vaxt təşkilat bəyanat yayaraq prosesə hərbi müdaxilə variantının mümkünsüzlüyünü əsaslandırmışdı.

İndi Paşinyan vaxtilə imdad dilədiyi dövlətin rəhbərini aşağılamağa cəhd edir. Paşinyandan soruşan lazımdır ki, onda yaxşı idi, indi pis? Bütün bunlar Ermənistanın etibarsız və qeyri-sabit bir siyasi tərəfdaş olduğunu sübut edir. Ümumiyyətlə, eyni hərbi blokda təmsil olunan iki ölkə rəhbərinin bir-birinə qarşı bu cür aşağılayıcı ritorika ilə çıxış etməsi ciddi suallar doğurur. Ən əsası da Ermənistanın bir dövlət kimi ciddiyə alınmadığı müşahidə edilməkdədir”, – deyə C.Əhmədli vurğulayıb.

O əlavə edib ki, Lukaşenkonun Ermənistan iqtidarı ilə bağlı səsləndirdiyi fikirlər isə tamamilə reallığı əks etdirir.

“Çünki bu ölkə hələ də uğursuzluq sindromundan əziyyət çəkir. Böhran və xaos girdabında çabalayan Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək istəmir. Saxta demokrat isə əvvəlki hakimiyyətlərin yol verdiyi səhvləri təkrarlamaqla məşğuldur. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan müstəqil və suveren ölkə kimi öz taleyini müəyyən etməkdə acizdir”, – deyə o əlavə edib.

Teqlər: