Ermənistanın müxalifət mətbuatı Nikol Paşinyanın tərəfdarlarını terrorla hədəlməyə başlayıb. Yazırlar ki, son günlər hakim “Mülki Müqavilə” partiyasının ofisi və üzvlərinin evləri qarşısında partlayışlar baş verir, polis bölmələrinə hücumlar qeydə alınır və s. Müxalif mətbuat bunları misal göstərərək erməni cəmiyyətinə təlqin etməyə çalışır ki, hakim partiyanın üzvləri həyatları üçün qorxmağa başlayıblar və hakimiyyətin devrilməsi halında iztirablarla üzləşəcəklərindən çəkinirlər. Mətbuat onu da yazır ki, hadisələrin nəzarətdən çıxacağı halında Baş nazir Nikol Paşinyan ölkəni tərk edəcək və Qərb ölkələrindən birində sığınacaq tapacaq, hakim partiyanın digər üzvləri isə qaça bilməyəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, müxalifətin mətbuat vasitəsilə yayımladığı məqalələrin məqsədi aydındır:
“Müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın, əks halda sizi ölüm və həbs gözləyir. Seçki və küçə mitinqləri yolu ilə hakimiyyətə gələ bilməyən müxalifət bu üsulla hakim partiyanın içində fikir ayrılığının dərinləşməsinə və Nikol Paşinyanın hökumət içində mövqelərinin zəifləməsinə çalışır. Müxalifətin bu planlarından Paşinyan xəbərdardır. Ona görə də baş nazir tez-tez partiyasının qapalı toplantılarını keçirərək partiyadaşlarıyla müxtəlif mövzularda müzakirələr aparır. Bu, Paşinyana ona görə lazımdır ki, kimin necə düşündüyünü özü üçün müəyyənləşdirə bilsin. Hökumət üzvlərindən və hakim partiya funksionerlərindən hələ ki, Paşinyan əleyhinə açıqlama verən yoxdur. Ancaq bunun daima belə olacağının təminatı da yoxdur”.