Paşinyan şəxsən Vladimir Putinlə razılaşdırılmış bəyanatları səsləndirir.
AzerTimes xəbər verir ki, bu sözləri Oxu.az-a tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kv.km) tanıdıqları barədə açıqlamasından sonra Rusiya mediasındakı ermənipərəst manipulyatorların yaratmağa cəhd etdikləri “fırtına”nı şərh edərkən deyib.
O bildirib ki, bu bəyanatlar, sadəcə, bir tamaşadır:
“Mən müstəqil insanam, öz fikrim var və hər şeyi olduğu kimi izah etməyə hazıram. Bu bəyanatlar, sadəcə, bir tamaşadır. Rusiyada yalnız bir adamın – Prezident Vladimir Putinin fikrini dinləyin və bir də Bakı-İrəvan dialoqunda onun mövqeyini ifadə edən xarici işlər naziri Sergey Lavrovun. Bütün digər səslər və ya zingiltilər zərrə qədər də əhəmiyyət kəsb etmir. Bu, sadəcə olaraq, Rusiya media məkanında və başqa haradasa əlaltıları olan müxtəlif erməni qruplaşmalarının mövcud vəziyyətə verdikləri reaksiya və bir-birinə qarşı təzyiqləridir”, – deyə M.Şevçenko qeyd edib.
Ekspertin sözlərinə görə, Putinin mövqeyi aydındır:
“Vladimir Putinin birmənalı olaraq mövqeyi aydındır: Qarabağ – Azərbaycandır. Nikol Paşinyan isə hansısa Qərb agenti deyil, o, tamamilə Rusiya prezidentinin özü tərəfindən idarə edilir. Paşinyan nə Simonyandan, nə Zatulindən, nə Vardanyandan, nə də başqa oliqarxdan asılıdır. Paşinyanın şəxsən birbaşa Rusiya prezidentinə çıxışı var. Xatırlayın, Vladimir Putin ötən ilin noyabrında İrəvana səfər etdiyi zaman Nikol Paşinyan hava limanından Rusiya prezidentinin avtomobilinə minərək ayrılmışdı. Və anladığım qədərilə, Ermənistan baş naziri Vladimir Putindən göstəriş almasa belə, ən azından, onun “istək”lərini dinləyirdi. Qalan hər şey, təkrar edirəm, ermənilərin öz aralarındakı çəkişmələrdir. Onlar hamısı öz aralarında bir-birlərini “didirlər”, hakimiyyət günəşi altında yer əldə etmək üçün yarışırlar. Həmçinin bu müəyyən bir imic oyunudur”.
“Aydındır ki, Moskva üçün müasir Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Cənubi Qafqazda ən yaxşı tərəfdaşıdır. Vəziyyəti daha geniş izah edəcəyəm. Qarabağla bağlı razılaşmaların xarici təminatçıları olaraq Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çıxış edirlər, Qərb deyil. Doğma torpağının azadlığı uğrunda vuruşmuş və həyatını itirmiş Azərbaycan xalqının qəhrəmanlarını da unutmaq olmaz.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında tam qarşılıqlı dialoq mövcuddur. Onlar Cənubi Qafqazda sabitliyin, sülh prosesinin iki qütbüdür. Həm Ankara, həm də Moskva üçün bu məsələ həyati dərəcədə əhəmiyyət kəsb edir. Və eyni zamanda onlar Cənubi Qafqaz dövlətlərinin onlarla dialoqdan imtina etməsində maraqlı deyillər. Həmçinin Bakıdan danışırıqsa, deyə bilərik ki, o, heç kimin nəzarəti altında deyil. Və Türkiyə – böyük siyasətçi Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi qüdrətli ölkə – Azərbaycanın güclü müttəfiqidir, lakin Ankara Bakıya nəzarəti həyata keçirmir”, – deyə Maksim Şevçenko bildirib.
“Rusiya və Türkiyə yeganə dövlətlərdir ki, Azərbaycanın, Ermənistanın, Qarabağdakı az sayda ermənilərin və işğaldan azad edilmiş doğma yurdlarına qayıtmaq istəyən çox sayda azərbaycanlıların mənafeyinə uyğun olaraq Azərbaycan-Ermənistan məsələsinin tam şəkildə nizamlanmasına, yekun razılığın əldə edilməsinə nail ola bilərlər.
Prosesin daha da irəliləməsi mümkün ola bilər, azərbaycanlıların Ermənistan ərazisinə, Zəngəzura qayıtmaları müzakirə olunur. Mən çox sayda azərbaycanlı tanıyıram ki, sovet dövründə Ermənistanda doğulublar və orada ucqar kəndlərdə yaşayıblar. Azərbaycanlıların və ermənilərin kəndləri bir-birinə yaxın yerləşirdi. Ola bilər ki, azərbaycanlılar, heç olmasa, oraya getmək imkanı əldə edə bilərlər. Eyni zamanda, ermənilər də Azərbaycana, Bakıya gələ bilərdilər. Lakin bu məsələ kifayət qədər uzaq perspektivdədir”, – deyə o əlavə edib.
“Xülasə olaraq yenə təkrar edirəm: müəyyən personajların hürməsinə fikir vermək lazım deyil. Rusiyanın mövqeyinə qulaq asmaq və başa düşmək lazımdır ki, Paşinyan şəxsən Vladimir Putinlə razılaşdırılmış bəyanatları səsləndirir”, – deyə Maksim Şevçenko fikrini tamamlayıb.