Paşinyan sevinir: büdcə yüzmilyonlar əldə etdi

Paşinyan sevinir: büdcə yüzmilyonlar əldə etdi

Sentyabrın 19-da Ordumuzun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra separatçı rejimin varlığına faktiki olaraq son qoyuldu. 28 sentyabrdan qondarma qurumun özünü buraxmasından sonra isə Ermənistan hökumətinin separatçılara hər il öz büdcəsindən ayırdığı maliyyə vəsaiti də dayanmış oldu.

AzerTimes xatırladır ki, Ermənistan yalnız İkinci Qarabağ müharibəsindən sonra Qarabağdakı separatçılara 2021-ci ildə 256 milyon dollar, 2022-ci ildə isə 288 milyon dollar ayırıb. 2023-cü il üçünsə bu rəqəm 370 milyon dollara qalxmışdı (burada dramın dollara nisbətdə güclənməsi də rol oynamışdı – red.).

Təbii ki, bu rəqəmlər son deyil. Ermənistan hər il dəfələrlə Qarabağ separatçılarına əlavə pullar ayırıb. Bu pullar ya kredit şəklində (sonradan kreditlər Ermənistan hökuməti tərəfindən bağışlanırdı), ya da ilin ortasında Ermənistan büdcəsinə yenidən baxılan zaman artırılırdı. Məsələn, 2021-ci ildə Ermənistan Qarabağa 256 milyon dollar vəsait ayırsa da, sonradan bu rəqəm əlavələr sayəsində 317 milyon dollara çatmışdı. Büdcə ayrılmaları ilə yanaşı, digər xərcləri də götürsək, Ermənistan hökumətinin Qarabağa hər il ən azı yarım milyard dollara yaxın xərc çəkdiyi məlumdur. Əlbəttə, bu rəqəm kiçik Ermənistan büdcəsi üçün böyük və əlavə yükdür.

Bundan başqa, 44 günlük müharibədən sonra Ermənistana köçən ermənilərin sosial müdafiə üçün rəsmi İrəvan xeyli vəsait xərcləyirdi. Onların kirayə haqları, kommunal xərcləri, verilən kompensasiyalar Ermənistanın üzərinə düşürdü. Nəzərə alsaq ki, 44 günlük müharibədən sonra İrəvan Qarabağda yaşayan ermənilərə Ermənistanda məskunlaşanlara nisbətən ikiqat kompensasiya verirdi. Hətta buna görə Qarabağda yaşamaq istəməyən ermənilər belə burda qeydiyyata düşüb, sonra Ermənistana dönürdü.

Rəsmi İrəvanın iddiasını qəbul etsək və Qarabağda 100 min erməninin yaşadığına inansaq, Ermənistan büdcəsindən təkcə kompensasiyalara (Ermənistanda yaşayanlara 90, Qarabağda qalanlara 180 dollar verilirdi – red.) nə qədər pulun ayrıldığını təxmin etmək olar.

Digər tərəfdən, separatçıların terrorçu dəstəsinin saxlanılması üçün milyonlar ayrılırdı. Ən azı 10 min silahlının maaşı, sosial xərcləri üçün milyonlarla dollar lazım idi.

Hazırda Ermənistana miqrasiya edən şəxslərin sosial təminatını xarici ölkələrdən aldığı yardımlar və donor təşkilatlar vasitəsilə həyata keçirməyə çalışır. Ermənistana bu baxımdan yardım edən ölkə və təşkilatlar da az deyil.

Belə məlum olur ki, Paşinyan hökuməti faktiki olaraq illik yüzmilyonlarla dollar yükdən bir anda xilas olub.

Teqlər: