Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri istər
siyasi dairələrdə, istərsə də Ermənistan cəmiyyətində heç də
birmənalı qarşılanmır. Bu səfər Paşinyanın siyasi riyakarlığının
növbəti göstəricisidir. Paşinyan yenə ikili oyunlar oynamaqla özünə
xal qazanmaq istəyir. Onun bu hərəkətini Rusiyaya qarşı yeni bir
xəyanət kimi qiymətləndirmək olar.
Bu sözləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert
Sahil Kərimli deyib. O əlavə edib ki, Rusiyanın Ukraynada hərbi
əməliyyatlar apardığı belə bir gərgin zamanda Ermənistan öz
maraqlarını güdür: “Hazırda Rusiya Ukraynada mürəkkəb durumla
üzləşib, hərbi əməliyyatların necə nəticə verəcəyi sual altındadır.
Digər tərəfdən, Rusiya dünya ölkələrinin ağır sanksiyaları
məngənəsində sıxılır. Rusiya iqtisadi tənəzzül təhlükəsi ilə
üz-üzədir. Ermənistanın baş naziri Rusiyanın belə bir çətin
durumundan istifadə edərək Avropaya, konkret olaraq Fransaya üz
tutur, özünə siyasi dividentlər qazandırmağa çalışır. Onun bu
addımları Rusiyaya qarşı açıq-açığına xəyanətdir”.
S.Kərimli xüsusilə vurğulayıb ki, Paşinyanın bu riyakar siyasi
gedişləri yeni deyil. Ermənistan liderinin fəaliyyətində əvvəllər
də bu kimi məqamlara rast gəlinib: “Paşinyan bütün siyasi
fəaliyyəti boyu, İkinci Qarabağ müharibəsi dövründə və ondan
sonrakı zamanda da öz tərəfdaşı olan Rusiyaya qarşı xəyanətkar
mövqe tutub. Paşinyan azacıq məqam tapan kimi Qərbə sığınaraq
Rusiyaya arxadan zərbə vurub. Bu isə siyasi rirakarlıqdan başqa bir
şey deyil”.
S.Kərimli, həmçinin, qeyd edib ki, Paşinyanın bu xarakteri və
yaramaz siyasi əxlaqı artıq heç kimə sirr deyil: “Ermənistan baş
nazirinin mahiyyətini artıq bütün dünya tanıyır. Bu reallığı
Rusiyada da yaxşı bilirlər. Qaçılmaz reallıqdır ki, belə xəyanətkar
və riyakar siyasət yürütməklə çox da uzağa getmək və ya hər hanası
uğur qazanmaq mümkün olmayacaq”.