Ermənistanın Baş naziri Paşinyanın ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz” sözləri bugünə qədər onun Rusiyanın siyasəti barədə tənqidi fikirlərinin ən vacibi sayıla bilər. Paşinyan bu cümlə ilə Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən elan edib.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Paşinyanın başqa bir etirafı ondan ibarətdir ki, o, Rusiyadan asılı olan Ermənistanın hələ də müstəqil dövlət ola bilmədiyini bildirib. Paşinyan mövcud vəziyyəti Ukrayna müharibəsi ilə əlaqələndirib: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərib”, – politoloq vurğulayıb.
O qeyd edib ki, Nikol Paşinyanın həm Azərbaycan, həm də Türkiyənin Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələr olduğu fikri də maraqlıdır:
“Paşinyan deyib: “Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”. Yəni Paşinyan demək istəyib ki, Ermənistan Rusiyanın vassalı və forpostu olduğu müddətdə müstəqil ola bilməyəcək.
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyanı Qarabağdan çıxarmaq daha asan olar. Əks halda Rusiya Qarabağda hərbi varlığı vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir alətini saxlayacaq. Məntiqlə Paşinyan Rusiya ilə sağollaşmaq istəyirsə, bunu təkbaşına edə bilməyəcək, bu, regional səylərlə həyata keçirilə bilər. Ancaq bunun üçün Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması lazımdır”.