Ermənistan Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa səfərini geri addım hesab etmirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan mediaya açıqlamasında deyib.
“Bilirsiniz ki, biz Rusiya ilə eyni iqtisadi ittifaqdayıq, iqtisadiyyatımız sürətlə böyük inkişaf edir və biz yerləşdiyimiz təşkilatın rəhbəri vəzifəsini tutmaq fürsətini əldən verə bilmərik (2024-cü ildə Aİİ-yə Ermənistan sədrlik edəcək – red.). Bu, Ermənistana lazımdır”, – Simonyan bildirib.
O qeyd edib ki, Ermənistan heç vaxt geridönüş ilə bağlı rəsmi açıqlama verməyib:
“Bilirsiniz, mən dekabrın 19-da KTMT-nin iclasına getməmişəm, bizim KTMT-nin mövcud olan fəaliyyətinə ciddi şübhələrimiz var. “Bir addım irəli, bir addım geri…” – xahiş edirəm, tələsməyin və deməyin: çıxdıq, qayıtdıq. Bunun nə ilə əlaqəli olduğunu söylədim. Ermənistan öz məqsədlərinə çatmağa davam edəcək”.
Qeyd edək ki, Nikol Paşinyan Aİİ sammiti və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak üçün 25 dekabrdan Peterburqdadır. Uzun müddətdir Rusiyanın başçılıq etdiyi təşkilatların iclaslarını boykot edən Paşinyanın səfəri ölkə daxilində “geri addım” kimi dəyərləndirilir.