Paşinyan öz siyasi ampluasını, sorossayağı manipulyativ davranışlarını dəyişməyib – Siyasi şərhçi

Xəbər - Elçin Mehdiyev – Trend:

Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və bu təşkilatın əsas qüvvəsi olan Rusiyadan birbaşa və dolayısıyla gileylənməsi, imkan düşən kimi rəhbərlik etdiyi ölkənin bütün problemlərinin səbəbi kimi Ermənistanın bir dövlət olaraq mövcudluğunu təmin edən ünvanı hədəf göstərməsi adi hala çevrilib. Rusiya əleyhinə şüarlarla hakimiyyətə gələn Nikol Paşinyan öz siyasi ampluasını, sorossayağı manipulyativ davranışlarını qətiyyən dəyişməyib. Sadəcə ona verilən təlimatları möbvud reallıqlara uyğun bir şəkildə icra etmək məcburiyyətyindədir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, Nikol hakimiyyətə gəldikdən sonra müəyyən qədər pozitiv mesajlar verməklə “Dağlıq Qarabağ problemi”nin həllində maraqlı olduğunu görüntüləməyə çalışdı, prosesin irəliyə aparılması üçün vaxt istəyirdi:

“Paşinyan ona öz siyasi mövcudluğunu qoruyub saxlamaq üçün hava-su kimi lazım olan vaxtı həm Azərbaycandan, həm də Rusiyadan dilənirdi. Təbii ki, müəyyən bir zaman kəsiyindən sonra Ermənistanın hazırda baş nazir səlahiyyətlərini icra edən rəhbərinin niyyəti onun qıcıqlandırıcı davranışlarında da özünü büruzə verməyə başladı. Paşinyanın “səyləri” nəticəsində Rusiyanın “münaqişə”ni sülh yolu ilə tənzimləmək niyyəti, həm də əvvəlki illərdə özünü büruzə verən cəhdlərdən daha aşağılayıcı bir üslubda iflasa uğradı.

Əslində Paşinyan onu hakimiyyətə gətirən dairələrin arzu və istəklərinə uyğun hərəkət edir, KTMT daxilində ziddiyyətlər yaratmağa cəhd göstərir, Rusiyanın bu qurum daxilindəki nüfuzunu zədələmək istəyirdi. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Xaçatryanın “İskəndər” raketləri ilə bağlı açıqlaması və bu açıqlamanın bir çox mənbələr tərəfindən təsdiqlənməsi də, Nikol Paşinyanın eyni ssenarini müharibə sövründə də həyata keçirdiyini sübuta yetirir.

Xaçatryanın açıqlamasına görə, Nikol “İskəndər” əməliyyat-taktiki raket kompleksindən Rusiyanı məlumatlandırmadan istifadə edib. Məhz bu səbəbdən də istifadə edilən 10 raketdən yalnız biri hədəfə çatıb. Qeyd edim ki, “İskəndər” raketlərindən istifadə ilə bağlı Nikol Paşinyanın səsləndirdiyi yayındırıcı fikirlər də bu faktın gizlədilməsinə xidmət edə bilər. Nikol Paşinyan nəyin bahasına olursa-olsun Azərbaycanla Rusiyanın münasibətlərində çat yaratmağa, prosesə regiondankənar qüvvələrin cəlb edilməsinə çalışıb. Nikolun və ətrafının “beynəlxalq sülhməramlılar”la bağlı çoxsaylı manipulyativ açıqlamalarının təməlində bu amilin dayanması, indiki şəraitdə daha real görünür”.

Teqlər: