Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə bağlı müraciət göndərib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə çıxışında bildirib.
“Müraciət sənədlərin, o cümlədən bir sıra əmlak arayışlarının yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib, yoxlanışdan sonra cinayət işinin başlanması məsələsi müzakirə olunacaq”, – o bildirib.
Qeyd edək ki, bir müddət öncə vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan Baş Prokurorluğuna cinayətlə bağlı məlumat təqdim edərək Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu, onların Ermənistanın suveren ərazilərinin Azərbaycana təslim olması hesab etdikləri delimitasiya prosesinin başlaması ilə bağlıdır.