Ermənistanın Baş naziri Nikol Paşinyan radikal müxalifəti və İrəvanda mitinqə başlayan erməni kilsəsinin Tavuş vilayətinin yepiskopu Baqrat Qalstyanı və ona bəzən açıq, bəzən gizli dəstək verən kilsəni susdurmaq üçün İrəvanda yaxın günlərdə tərəfdarlarının mitinq keçirməsinə qərar verə bilər. Bununla Paşinyan hökumət tərəfdarlarının radikalların tərəfdarlarından dəfələrlə çox olduğunu bir daha sübut etmiş olar.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Paşinyan bir dəfə bu üsuldan istifadə edib:
“İstefa şüarlarını yalnız say çoxluğu ilə neytrallaşdırmaq olar. İkinci Qarabağ müharibəsindən sonra radikallar İrəvan küçələrində mitinq və yürüşlərdə istədikləri nəticəni əldə etmədikdən sonra Paşinyan tərəfdarlarının mitinqini keçirdi və say nisbətini ortaya qoydu. Eyni üsuldan bugünlərdə Gürcüstan hökumətini idarə edən Bidzina İvanişvili də istifadə edib. Gürcü müxalifəti hökumətə qarşı mitinq və küçə yürüşləri keçirdikdən sonra İvanişvili, Baş nazir İrakli Kobaxidze ilə birgə izdihamlı mitinq keçirdi və hakimiyyət tərəfdarlarının müxalifəti üstələdiyini göstərdi.
Böyük ehtimalla radikalları və kilsəni susdurmaq üçün Paşinyan da İrəvanın mərkəzi meydanında mitinqə üstünlük verəcək”.
Qeyd edək ki, keşiş Baqratın rəhbərlik etdiyi mitinq hazırda davam edir.