Xəbər - Elgün Mənsimov – Trend:
10 noyabr kapitulyasiya aktından sonra Ermənistanda hər gün mitinqlər keçirilir. Bu mitinqlərin ana xəttini baş nazir Nikol Paşinyanın istefa tələbi təşkil edir. Keçmiş xunta rejimi – Koçaryan və Sarkisyan cütlüyünün bu işdə əli olduğu aşikardır. Çünki onlar yaranmış vəziyyətdən yararlanmaq üçün az qala hər gün öz məhdud tərəfdarlarını etiraza səsləyir, Ermənistandakı mövcud xaotik durumu daha da körükləməyə çalışırlar.
Hər dəfə “bu gün genişmiqyaslı mitinq olacaq” deyə, təqdimatlar etsələr də əslində, bu mitinqlər kiçikmiqyaslı və lokal xarakterli olur. Lakin keçmiş xuntaçılar Nikol Paşinyana fiziki və mənəvi təsirlər göstərməyə davam edirlər.
Nikol Paşinyan isə bütün bunlara rəğmən dirəniş göstərir və istefa verməyəcəyini bəyan edir. Lakin “Past” qəzeti məsələ ilə bağlı diqqətçəkən bir fakt açıqlayıb. Qəzet yazır ki, Nikol Paşinyan özəl görüşlərində, eləcə də hərbçilərlə söhbətində 9 və ya 10 martda istefaya gedəcəyini vəd edib.
Qəzet Paşinyanın 9 martda Onik Qasparyanın qovulması barədə qərar qüvvəyə mindikdən sonra ordu tərəfindən heç bir təhdid hiss etməyəcəyi halda, istefaya gedəcəyi vədini verdiyini bildirib. Bununla belə, ölkənin generalları, siyasi və ekspert dairlərinin Paşinyana inanmadığı vurğulanır. Qeyd edilir ki, bundan sonra növbədənkənar seçkilər keçiriləcək.
Buradan belə bir nəticəyə gəlmək olar ki, Paşinyan bu vədlə birinci növbədə özünü müdafiə etmək istəyir. Yəni, özünü ordunun təzyiqlərindən sığortalamağa və bu təzyiqləri dəf etməyə çalışır. Çünki hazırda Paşinyana qarşı ən böyük təhdid məhz ölkənin silahlı qüvvələridir. Baş nazirin ikinci bir məramı isə özgüvəndir. Ordunun təhdidi aradan qalxdıqdan sonra istefa verəcəyini və təkrar seçkilər keçirməklə yenidən hakimiyyətə gələcəyini düşünür. Çünki geniş ictimai dəstək məhz Paşinyanın tərəfindədir. Bunu ölkədə aparılan rəy sorğuları da göstərdi.
Beləliklə, Paşinyan daha bir manevr planı üzərində işləyir. O, keçmiş xunta rejimini, yerlərdə və idarəetmə strukturlarında onları dəstəkləyənləri məhz bu yuolla susdurmaq niyyətindədir…