Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, silahlı qüvvələrin baş qərargah rəisinin onun istefası barədə bəyanatı sabiq prezident Serj Sarkisyanın təsirinin nəticəsidir.
Trend Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan bunu martın 1-də Respublika meydanında keçirilən mitinq zamanı bildirib.
Paşinyan qeyd edib: “Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş qərargahın rəisi öz bəyanatı ilə qanunu pozub və istefa verməlidir. Bu qaçılmaz olsa da, o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”.