Azərbaycanın sülh sazişinin əsas prinsipləri ilə bağlı
təkliflərində Ermənistan üçün qəbuledilməz heç bir şey yoxdur.
Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş
naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, martın 10-da ATƏT Minsk Qrupunun həmsədr
ölkələrindən biri Ermənistana Azərbaycanın sülh sazişinin əsas
prinsipləri ilə bağlı təkliflərini təqdim edib.
“Bu prinsiplər aşağıdakılardır: suverenliyin, ərazi
bütövlüyünün, beynəlxalq səviyyədə qəbul edilən sərhədlərin
tanınması və hörmət göstərilməsi; bir-birinə qarşı ərazi
iddialarının olmamasının və gələcəkdə bir-birinə qaşrı oxşar
iddiaların irəli sürülməməsi üzrə öhdəliklərin təsdiqi; sərhədlərin
delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin
qurulması; nəqliyyat və digər əlaqələrin açılması, qarşılıqlı maraq
kəsb edən sahələrdə yeni kommunikasiyaların yaradılması.
Biz bu təklifləri müzakirə etdik və qəbul etdik ki, burada
Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Özü də Ermənistan
1992-ci ildə MDB-nin yaradılması barədə sazişi ratifikasiya etməklə
hələ 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyünü sərhədlərinin
toxunulmazlığını tanıyıb, və bu tanıma bu gün də bizim dövlətdaxili
qanunvericiliyimizin bir hissəsidir”, – deyə N.Paşinyan
bildirib.
(Tərcümə: Orxan Nəbiyev)