Nikol Paşinyan Tavuşa səfəri zamanı “mübahisəli 4 kəndin” Azərbaycana qaytarılmalı olduğunu, əks halda müharibə başlayacağını deyib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni jurnalist Voskan Sərkisyan çıxış edib.
O bildirib ki, baş nazir yerli sakinlərə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin təslim edilməsinin zəruri olduğunu deyərək onları hədələyib:
“Paşinyan bu gün Əskipara kəndində Bağanis Ayrım və ətraf qəsəbələrin sakinləri ilə görüşüb. Həmişəkindən fərqli olaraq çox soyuq qarşılanıb, zaldakıların çoxu o gələndə ayağa qalxmayıb. Köməkçisi Mqer Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan da görüşdə iştirak ediblər.
Nikol Paşinyan sonuncu mətbuat konfransında nümayiş etdirdiyi Ermənistan xəritəsini yenidən göstərib. O, sakinlərə Azərbaycanın istədiyi 4 kəndin təhvil verilməli olduğunu deyib, əks halda müharibə ilə hədələyib. Sakinlər soruşub ki, bəs Azərbaycan kəndlərin əvəzində Ermənistana nəyi güzəştə gedəcək? Baş nazir Bakının heç bir təzminat ödəməyəcəyini qeyd edib”.
V.Sərkisyan iddia edib ki, N.Paşinyan kəndlərlə bağlı Ermənistan xalqının üç yolunun olduğunu açıqlayıb:
“Baş nazir görüşdə sakinləri hədələyib ki, ya kəndləri təslim edəcəyik, ya razılıq verməyəcəyik, ya da Azərbaycanla müharibə edəcəyik. O, bu dəfə guya Türkiyənin də Azərbaycan tərəfindən müharibəyə qoşulacağını vurğulamaqla sakinləri qorxutmağa çalışıb. Paşinyan həmçinin sərhəddə Azərbaycanın əsas mövqeləri nəzarətə götürdüyünü açıqlayıb”.