Paşinyan bugünkü Moskva görüşündən nə gözləyir?

Paşinyan bugünkü Moskva görüşündən nə gözləyir?

İstər Moskvada, istərsə də başqa yerdə bir görüşdən çox şey gözləməyin.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçirilməsi gözlənilən bugünkü üçtərəfli görüşlə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Moskvada, Vaşinqtonda və ya Brüsseldə olmasından asılı olmayaraq, danışıqları aparan tərəflər dəyişmir: onlar Ermənistan və Azərbaycandır və danışıqlarda uğur danışıqları qəbul edənlərə deyil, onların iştirakçılarına lazımdır:

“Biz həll yollarını tapmalıyıq və gündəmdəki fundamental məsələlər danışıqların məntiqi kimi heç bir şəkildə dəyişmir”.

Paşinyan əlavə edib ki, konkret olaraq bugünkü görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun nümayəndə heyəti sülh müqaviləsinin daha bir neçə maddəsini razılaşdıra və Laçın dəhlizinin açılması ilə bağlı qərara gələ bilər.

Rusiya ilə Türkiyə arasında münasibətlərdəki gərginliyin danışıqlara müsbət təsir göstərməsinin mümkünlüyü barədə suala Ermənistanın baş naziri belə cavab verib:

“Heç bir gərginlik müsbət nəticə verə bilməz, lakin baş verənləri çox şişirtməyə ehtiyac yoxdur, çünki Rusiya və Türkiyə bəzi fikir ayrılıqlarına baxmayaraq, çox fəal əməkdaşlığı davam etdirirlər”.

Xatırladaq ki, bu gün, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır.

Teqlər: