Paşinyan Bakıya qıcıq verən “ifadəni” yenə işlətdi

Paşinyan Bakıya qıcıq verən “ifadəni” yenə işlətdi

ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Paşinyan görüşdə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi vacibliyindən danışmaqla bərabər, provokativ bəyanat və hərəkətlərə “ünvanlı reaksiyaların” verilməsi gərəkdiyini deyib.

Ermənistan baş naziri yenə də ATƏT-in artıq çoxdan dəfn edilən Minsk Qrupundan bəhs etməyə, ABŞ-ın MQ-nin həmsədri kimi “münaqişənin həllindəki açar rolundan” danışmağa cəhd göstərib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Ermənistandakı səfirliyinin Donfridin İrəvana səfəri ilə bağlı yaydığı məlumatda MQ ilə bağlı heç bir nüans yox idi. Çünki Minsk Qrupunun artıq dağıldığını hər 3 həmsədr ölkə təsdiqləyib.

Bir müddət öncə Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna müharibəsi səbəbindən münasibətlərin kəskinləşdiyi və əlaqələrin sıfra düşdüyünə görə Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq mümkünsüzlüyünü açıq elan etmişdi. Bunun ardınca isə Rusiya, Fransa və ABŞ MQ-dəki həmsədrlərinə “Qafqaz üzrə nümayəndələr” statusu verməklə, Minsk Qrupunun rəsmən dağıldığını faktiki təsdiqlədilər.

Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu mövzuya toxunmuş, “Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk Qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır” deyə qəti mövqeyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur.

Ermənistan baş nazirinin bu spekulyasiyaları davam etdirməsi, başqa sözlə desək, Bakının qıcıqlanması üçün hər şeyi etməsi, üstəlik, şifahi razılaşmaları pozaraq, yenə də “status” sözünü dilinə alması və münaqişənin bitmədiyi görüntüsünü yaratmağa çalışması Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Azərbaycan Prezidenti vədləri pozmağın, şifahi razılaşmalardan yayınmağın ağır bədəli olduğunu bir daha 16 iyun tarixində IX Qlobal Bakı Forumundakı çıxışında xatırlatdı və açıq şəkildə bunun yeni qarşıdurmaya yol aça biləcəyi xəbərdarlığını etdi.

Paşinyan ənənəvi olaraq xəbərdarlıqdan nəticə çıxarmır. Əvəzində isə Ermənistan müdafiə naziri Papikyan 16 iyunda Naxçıvanla sərhədə, 17 iyunda isə Qazaxla sərhədə gəlib, döyüş mövqelərinə çıxır, təlimləri izləyir və yeni alınan texnikaların istifadə imkanlarını yoxlayır…

Xatırladaq ki, 44 günlük savaşdan öncə Azərbaycanın əraziləri işğaldan azad etmək tələblərinə qarşı yeni işğal planı elan edən Paşinyanın o vaxtkı müdafiə naziri Tonoyan da sərhədləriməzə tez-tez səfərlər edirdi.

Nəticəsi o oldu ki, ordusu darmadağın edildi, ölkəsi kapitulyasiya imzaladı, özü türməyə düşdü…

Teqlər: