Paşinyan Bakıya gəlmək üçün şərt irəli sürür: Nə istəyirlər?

Paşinyan Bakıya gəlmək üçün şərt irəli sürür: Nə istəyirlər?

Ermənistan Baş naziri Nikol Paşinyanın COP29 tədbirində Bakıya səfər edə biləcəyi gündəmə gəlib. Lakin rəsmi İrəvan bunu təkzib etdi və erməni baş nazirin Azərbaycana səfərinin nəzərdə tutulmadığını, ümumiyyətlə belə bir şeyin müzakirə edilmədiyini bildirdi.

Mövcud vəziyyətdə Nikol Paşinyanın Bakıya gəlişi ehtimalı azdır, lakin mümkünsüz də deyil. Əslində bu gözləntilər təsadüfi ortaya çıxmayıb. Bakı və İrəvanın noyabrda keçiriləcək COP29 tədbirinə qədər sülh sazişinə dair niyyət protokolu imzalaması mümkün ssenarilərdəndir. Beynəlxalq güclər – ABŞ, Böyük Britaniya və digərləri belə çağırışlar edib, hər iki tərəf – Bakı və İrəvan da məsələyə “soyuq” yanaşmır. Noyabr ayına qədər ən azı sülh sazişinə dair niyyət protokolu (bu, çərçivə sazişi də ola bilər) imzalanarsa, Paşinyanın COP29 tədbirində iştirakı mümkün variantlardandır. Bu, Ermənistanın COP29-a ev sahibliyi üçün namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi siyasətinin də məntiqi davamı ola bilər.

Paşinyanın özünün də Bakıya gəlmək istədiyi istisna edilməməlidir. Belə bir dəvətdən imtina onun sülhə qarşı olduğu imicini yarada bilər, çünki noyabra qədər sülh sazişi ilə bağlı irəliləyişin əldə edilməsi və COP29-da Ermənstan liderinin iştirakını beynəlxalq oyunçular istəyir. Bunu anlayan Paşinyan Bakıya səfəri üçün yeni şərt irəli sürür.

– Bakıda həbsdə olan ermənilər noyabra qədər azad edilsə, Ermənistanın COP29 tədbirində baş nazir səviyyəsində iştirakı müzakirə edilə bilər.

Bu şərt rəsmi İrəvan tərəfindən yox, hakimiyyətə yaxın media – erməni şərhçi Akop Badalyan tərəfindən ortaya atılıb. Və istisna deyil ki, Badalyan rəsmi İrəvanın verdiyi tezislər əsasında danışır. Ermənistan hakimiyyətinin bu “şərti”nin bir neçə hədəfi var.

Birincisi, COP29-da iştirakdan imtinasını beynəlxalq ictimai rəydə əsaslandırmağa və bununla “sülhə qarşı” olmadığını göstərməyə çalışır;

İkincisi, beynəlxalq diqqəti Bakıda həbsdə olan cinayətkar ermənilərə yönəltmək istəyir və COP29-u onların buraxılması üçün fürsət olaraq görür;

Üçüncüsü, həbsdə olan ermənilərin azad edilməsinə nail olarsa, daxili ictimai rəydə xal qazana bilər;

Mümkündür ki, noyabra – COP29 tədbirinə qədər Ermənistanın bu “şərti” rəsmi səviyyədə irəli sürülə bilər. Azərbaycanın separatçılar istisna olmaqla, digər ermənilərin Ermənistana təhvil verməsi də mümkün variantlardandır. Separatçılar Paşinyana da lazım deyil.

Teqlər: