Bü gün AVRONEST Parlament Assambleyasında təmsil olunan
Azərbaycan,Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi
tərəfindən həmsədr nümayəndə ilə Ermənistan baş naziri Nikol
Paşinyan arasında görüş olub.
Bu barədə AzerTimes-a AVRONEST Parlament Assambleyasının üzvü Tahir
Mirkişili məlumat verib.
Onun sözlərinə görə, görüşdə Avropa Birliyi-Ermənistan,
Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən
hadisələr müzakirə olunub.
“Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də
olsa, artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər,
xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu
qeyd edərək, bunu regionda kommunikasiyaların açılması yönümündə
əhəmiyyətli olacağını qeyd etdi. Daha sonra mina xəritələrinin
təhvil verilməsindən, sərhədlərin demilitasiya və
demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, 1-ci
müharibə zamanı zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil
verilməsi prossesindən, Ermənistan-Türkiyə münasibətlərinin
inkişafından məlumat verərək, Prezident İlham Əliyevlə Brüsseldə,
daha sonra isə 04 fevralda video konfrans formatında görüşünə də
toxundu. O bu görüşləri müsbət qiymətləndirdi”, – deyə o
vurğulayıb..
T.Mirkişili bildirib ki, Azərbaycan nümayəndə heyəti adından
çıxış edərək Azərbaycanın gündəliyində dayanıqlı sülh, regional
inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin
olduğunu qeyd edib.
“Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, post-covid iqtisadi
inkişaf, texnologiyarın geniş tətbiqi istiqamətində region ölkələri
və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını
vurğuladım. İrəvanda ilk dəfə olduğumu və Azərbaycan numayəndə
heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin
növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirdim.
Ümumilikdə, görüş müsbət atmosferdə keçdi”, – deyə o əlavə
edib.
Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov
AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək
üçün İrəvana gedib.