Ermənistan Baş nazirinin ötən gün hökumətin iclasında Azərbaycanın ünvanına səsləndirdiyi bəyanatlar Nikol Paşinyanın İkinci Qarabağ müharibəsindən öncəki – ölkəmizə qarşı işğal və separatçı-terrorçu fəaliyyətini davam etdirməyə həyasızcasına cəhd etdiyinin növbəti təsdiqi idi.
Nikol Paşinyan elan etdi ki, guya Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların nəzarəti altında yerləşən hissəsində Ermənistan hərbi birlikləri yoxdur, orda olanlar Qarabağdakı ermənilərin “özünümüdafiə dəstələridir”.
Cəmi iki ay öncə Nikol Paşinyan, ardınca isə TŞ katibi Armen Qriqoryan Qarabağda erməni hərbçilərin bir hissəsinin hələ də qaldığını və onların əvvəlcə avqustun, daha sonra isə sentyabrın sonuna qədər çıxarılacağını elan etmişdi.
Sentyabrın sonunda heç bir açıqlama verilmədi, eyni zamanda, bu müddətdə Xankəndi və ətraf ərazilərdən erməni hərbi birliklərinin çıxarıldığını əks etdirən fakt, görüntü, rəsmi məlumat da olmadı. Bu isə o deməkdir ki, Paşinyanın etiraf etdiyi qüvvələr hələ də Qarabağda qalmaqdadır.
Digər tərəfdən, Paşinyan Qarabağdakı hərbi qüvvələrin orda yaşayan ermənilərin özünümüdafiə dəstələri olduğunu iddia edir.
10 noyabr 2020-ci il bəyanatında Qarabağda yaşayan ermənilərin “özünümüdafiə qüvvələri” haqda hansısa bir bənd yoxdur. Paşinyan hansı beynəlxalq qanuna əsaslanaraq, Azərbaycan ərazisində məskunlaşan bir ovuc erməninin “müdafiə qüvvələrinin” olmasının mümkünlüyündən bəhs edir və bunu yüksək səslə elan edir?
Qarabağda hansısa bir silahlı birləşmənin olması Azərbaycan qanunlarına ziddir, terrorçu qruplaşma sayılır və ərazi bütövlüyünə qəsd kimi dəyərləndirilir.
Paşinyan öz aləmində Qarabağda olan silahlı dəstələrin Ermənistan hərbi birlikləri deyil, Qarabağdakı ermənilərin “özünümüdafiə dəstələri” olduğunu bildirməklə, əslində daha ciddi siyasi səhvə yol verir, beynəlxalq qanunlara meydan oxuyur. Hətta iddia edir ki, guya Qarabağdakı ermənilərə qarşı mümkün genosidin qarşısını məhz həmin qüvvələr alır.
Əvvəla, Xocalı nümunəsində genosid, soyqırım törətmək, 1 milyon insanı yurd-yuvasından qovmaq və işğal etdiyi rayonlardakı bütün tikililəri məhv edib, səhralığa çevirmək erməni ordusunun xislətidir.
İkincisi, Qarabağda, rus sülhməramlıların himayəsində fəaliyyətini davam etdirməyə çalışan baş separatçı Araik Arutyunyanın sözlərinə görə, orada 33 min erməni əhali yaşayır. 33 minlik erməni əhalinin nə qədər “özünümüdafiə qüvvəsi” ola bilər? Bu əhali total şəkildə silaha sarılsa, maksimum 2-3 min silahlı dəstə düzəldə bilərlər. Bu qanunsuz “qüvvə” Azərbaycan Ordusunun qarşısında dura bilərmi? Ermənistan ordusu, “özünümüdafiə dəstələri”, könüllüləri, xaricdən gətirilmiş muzdlular və s. hamısı bir yerdə, üstəlik, 30 illik altıqat müdafiə səddi Azərbaycan Ordusunun zərbəsinə 44 gün davam gətirə bilmədi, darmadağın oldu: Ermənistan bütün Qarabağa səpələnən əsgərlərinin meyitlərini iki ildir yığıb qurtara bilmir. Paşinyanın məntiqi ilə Azərbaycan Ordusunun önünü bu terrorçu dəstə alır?
Azərbaycan Ordusu 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə uyğun olaraq, müvəqqəti olaraq rus sülhməramlıların məsuliyyət zonasında olan ərazilərə girmir – hamısı bu qədər.
Qarabağdakı 1960 nəfərlik rus sülhməramlıları da Azərbaycan Ordusuna müqavimət göstərmək üçün və müqavimət göstərmək imkanında deyil!
Beləliklə, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 4-cü bəndinə 2 ildir müxtəlif bəhanələr və yalanlarla əməl etmir.
9-cu bəndin tələbləri isə tam başqadır: Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən “maneəsiz yol”u təmin etməmək üçün əvvəlcə müxtəlif bəhanələr gətirdi, Soçidə keçirilən son görüşdə isə ümumiyyətlə “maneəsiz yol”-dəhliz verilməyəcəyini rəsmən elan etdi.
Ermənistan Naxçıvana gedən yolun nəzarətində olmasına çalışır, halbuki 10 noyabr 2020-ci il bəyantının 9-cu bəndinə görə, bu yol “maneəsiz” olmalıdır və yola nəzarət də Rusiya Sərhəd Xidmətinə verilməlidir.
Laçın dəhlizi və Naxçıvana maneəsiz yolla bağlı bütün şərtlər tamamilə eynidir, buna baxmayaraq, Nikol Paşinyan bəyanatda “Zəngəzur dəhlizi” ifadəsinin işlənməməsindən istifadə etməyə əbəs cəhdlər göstərir.
Nikol Paşinyanın bu cəhdləri ciddi çağırışdır və 10 noyabr 2020-ci il bəyanatından imtina edilməsi anlamına gəlir.
Paşinyanın hər dəfə bu cür bəyanatlar verməsinin ardından sərhəddə təxribatlar da baş verir. Nikol nəyə arxayındır və nə etmək istəyir?
Birmənalı olaraq Nikol Paşinyanın arxasında hərbi və iqtisadi baxımdan İran, siyasi baxımdan Fransa dayanır: Rəsmi İrəvan məhz İranın birbaşa təkidi və təzyiqləri, hərbi-iqtisadi yardımları ilə 10 noyabr kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikdən imtina etməyə çalışır.
Ermənistan bir tərəfdən siyasi zəmin hazırlayır, beynəlxalq qurumlarda Azərbaycan əleyhinə kampaniya aparır, Fransa Senatının timsalında (15 noyabrda sözügedən dinləmələrin keçiriləcəyi gözlənilir) Azərbaycana qarşı sanksiya “tövsiyələrinə” cəhd edir, digər tərəfdən isə müasir silahlar alır.
Hindistandan alınan silahlar görüntüdür – ən son ötən gün 40 km məsafəni vurmağa qadir yenə haubitsaların tədarükü ilə bağlı müqavilə imzalandığı bildirildi. Bundan öncə isə “Pinaka” reaktiv atəş sistemi, habelə Sovet-Rusiya modelli “Konkurs” tank əleyhinə raketlərinin alınması və s. ilə bağlı sazişlər imzalanmışdı.
İrandan Ermənistana hansı silahların ötürüldüyünü isə açıq mənbələrdə tapmaq mümkün deyil. Ancaq qətiyyən şübhə edilməməlidir ki, İran Ermənistanı Ukraynada sınaqdan keçirilən PUA-ları da daxil olmaqla, Azərbaycana qarşı silahlandırmaqda davam edir.
Ermənistan faktiki olaraq öz “ərazi bütövlüyünün” təminatını İrandan alır; Tehran bu məsələdə nə qədər ciddi olduğunu göstərmək üçün Azərbaycan sərhədində 2021 və 2022-ci ildə təlimlər də keçirib; Paşinyan 10 noyabr 2020-ci il bəyanatının “Naxçıvanla maneəsiz yol” tələbindən imtinasının cəzasız qalacağına inandığı üçün Azərbaycan əleyhinə açıqlamalara və yeni işğal arzusu ilə silahlanmağa başlayıb.
Ciddi nəticələr doğuran məsuliyyətsiz, həyasız və destruktiv fəaliyyətdir.
Azərbaycan XİN-in bugünkü cavabı isə yerindədir və mütləq sərt cavab verilməli idi. Ancaq hesab edirik ki, XİN-in cavabı daha mükəmməl olmaqla yanaşı, konkret diplomatik addımlara keçidi də özündə əks etdirməlidir:
1. XİN-in bəyanatında Ermənistanın 10 noyabr bəyanatının “4, 6 və 9-cu bəndlərini” icra etmədiyi bildirilir.
6-cı bənd Ermənistanın Kəlbəcər və Laçını qaytarmasını, daha sonra isə Azərbaycanın Laçınla bağlı öhdəliklərini nəzərdə tutur.
Bu bənd icra edilib – həm Ermənistan, həm də Azərbaycan tərəfindən. XİN bəyanatda bu cür yanlışlıqlar edib, qarşı tərəfə təkzib üçün fürsət verməməlidir.
2. Laçın dəhlizi ilə Naxçıvana maneəsiz yol arasında müqayisələrdə maneəsiz yol və dəhlizin getdiyi ünvanların fərqi mütləq göstərilməlidir.
“Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edilə bilməz” hökmünün yalnız 10 noyabr 2020-ci il bəyanatına bağlanması yetərli deyil. Laçın dəhlizi Azərbaycan ərazisində məskunlaşan erməni icmasının Ermənistanla maneəsiz humanitar əlaqəsini nəzərdə tutur – tamamilə doğru bildirilir. Ancaq bu yoldan hərbi məqsədlərlə istifadə artıq yalnız 10 noyabr bəyanatının pozulması deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə qəsd olmaqla, beynəlxalq hüququn tapdanmasıdır, ölkəmizə təhdiddir, terrorçuluqdur.
Azərbaycan XİN mütləq buna beynəlxalq hüququn tələbləri çərçivəsində daha ətraflı cavab verməli və hüquqi addımlar atmalıdır.
Naxçıvana gedən maneəsiz yol isə tamamilə fərqlidir. Doğrudur, maneəsiz yol və yaxud dəhliz anlayışının birləşdirdiyi subyektlərin statusuna heç bir aidiyyəti yoxdur, ancaq bütün hallarda Naxçıvana gedən maneəsiz yolun Azərbaycanın bir hissəsi ilə digər hissəsini birləşdirməsi vurğulanmalıdır. Necə ki, Kalininqrada gedən dəhliz üzərində hansısa maneə yaratmağa çalışan Litvaya Rusiya çox ciddi şəkildə xəbərdarlıq etdi və Litva ilkin iddialarından geri çəkilməyə məcbur oldu.
3. Əgər Paşinyan Qarabağda hərbi birliklərin olmadığını iddia edirsə, lap yaxşı: Azərbaycan rus sülhməramlılar ilə birgə Rusiya kontingentinin məsuliyyətinə verdiyi ərazilərdə monitorinq keçirməli və nə baş verdiyini qeydə almalıdır. Azərbaycanın öz ərazisinin bir hissəsində sülhməramlı yerləşdirməsi o demək deyil ki, o ərazi ümumiyyətlə nəzarətimizdən kənarda qalmalı və ora baxış keçirməməliyik. Azərbaycan XİN rəsmiləri və dövlətin müvafiq qurumları rus sülhməramlılarla birgə Xankəndi və ətrafını qarış-qarış gəzərək, müşahidələr aparsın – görək, Ermənistan hərbi birlikləri Azərbaycan ərazilərində qanunsuz olaraq necə və harada yerləşib! Bunu sənədləşdirə və faktla İrəvandan tələblər irəli sürə bilərik.
4. Ermənistan 2022-ci ildə Qarabağdakı separatçı quruma 288 milyon dollar, üstəlik, 40 milyon dollar əlavə vəsait verib, 2023-cü il dövlət büdcəsində isə separatçılara yenə 288 milyon və əlavə vəsait verilməsi nəzərdə tutulur. Ermənistan hansı səbəbdən Azərbaycan ərazisindəki bir qrup erməni icmasına bu qədər vəsait ayırmalıdır? Bu vəsait nəyə xərclənir? 33 min erməni icması bu qədər vəsaiti nə edir? Bu vəsait silah alınması və qanunsuz hərbi birliklər saxlanılmasına sərf olunmur ki?
Azərbaycan niyə bunları yoxlamamalıdır?
Çox arzulayardıq ki, XİN növbəti açıqlamasında bu tələbləri qaldırmaqla, icrasını həyata keçirsin!